“Tərtər işi”ndə yeni işgəncə faktları, generalın həbsi və ekspert baxışı

Tərtər işi üzrə ölmüş şəxs

Baş prokuror Kamran Əliyev “Tərtər işi” üzrə mühakimə olunmuş 19 nəfərin barəsində hökmlərə yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət edib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin sentyabrın 5-də yaydığı məlumatda deyilir.

Eyni zamanda, Baş Prokurorluq "Tərtər işi"ndə işgəncə faktları ilə bağlı yeni həbs olunanların olduğunu bildirib.

16 dekabr 2021-ci ildə "Tərtər işi" üzrə istintaqın yenilənməsindən sonra müəyyən edilib ki, daha 288 nəfərə qarşı qanunsuz hərəkətlər törədilib və onlar zərərçəkmiş hesab ediliblər, məlumatda bildirilir.

Beləliklə, zərərçəkmişlərin ümumi sayı 405-ə çatıb.

Yenilənmiş istintaq zamanı vəfat etmiş Təmkin Nizamioğlunun cəsədinin eksqumasiyası aparılıb. Məhkəmə-tibb ekspertizası onun ölümünün işgəncə nəticəsində baş verdiyini təsdiqləyib.

Bundan əlavə, istintaqda zabitlər Bəkir Orucov və Ramil Əhmədovun ayrı-ayrı hərbi qulluqçulara qarşı işgəncələr tətbiq etməsi və onları qanunsuz olaraq azadlıqdan məhrum etməsilə bağlı ciddi şübhələr yaranıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələrilə ittiham irəli sürülüb.

Həmçinin həmin maddələrlə Rahib Məmmədova qarşı ittiham irəli sürülüb. Onların üçü də həbs olunub. Onlar Beyləqan korpusunda məsul vəzifələr tutublar. Belə ki, Orucov qərargah rəisi, Əhmədov isə hüquqşünas olub. Sonralar Orucov Azərbaycan Müdafiə Nazirliyinin İdeoloji İş İdarəsinin rəisi vəzifəsinə yüksəlib, ötən həftə isə bu postda ikən həbs edilib.

Baş Prokurorluq bildirir ki, artıq mühakimə olunmuş Qurban Cümşüdov və Cavid Ağadadaşov da işgəncələrin törədilməsində günahkardır. Onlara qarşı yuxarıda qeyd olunan maddələr üzrə ittiham irəli sürülüb.

Beləliklə, istintaqın yenilənməsindən sonra 17 nəfər müxtəlif maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilib. 12 nəfər həbs olunub, bir nəfərin barəsində axtarış elan edilib, 4 nəfər isə başqa işlər üzrə həbs cəzası çəkir.

Dövlətə xəyanət ittihamı ilə həbs edilmiş, lakin digər ittihamlarla məhkum olunmuş 26 hərbçidən 19-u bəraət alıb.

Daha 7 nəfərin barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib.

Bundan əlavə, istintaq zamanı vəfat etmiş Mehman Hüseynov və Elxan Ağazadənin barəsində cinayət işlərinə xitam verilməsi haqqında qərarlar ləğv edilib. Cinayət təqibinin əsassız olması səbəbindən işlərin bağlanacağı gözlənilir.

Yeni hallarla əlaqədar baş prokuror dövlətə xəyanət ittihamı ilə üç cinayət işi üzrə mühakimə edilmiş 19 nəfərin barəsində hökmlərə yenidən baxılması üçün Ali Məhkəmənin plenumuna müraciət ünvanlayıb.

İstintaqın gedişi barədə ictimaiyyətə məlumat veriləcək, məlumatda deyilir.

Rəsul Cəfərov

Hüquq müdafiəçisi: Gələcəkdə daha yüksək vəzifəli şəxslər həbs edilə bilər

Hüquq müdafiəçisi Rəsul Cəfərov Amerikanın Səsinə bildirib ki, Baş Prokurorluğun bugünkü məlumatı istintaq yeniləndən sonra ən əhəmiyyətli və çox məzmunlu bir açıqlamadır.

Your browser doesn’t support HTML5

Hüquq müdafiəçisi: Gələcəkdə daha yüksək vəzifəli şəxslər həbs edilə bilər

“Birinci əsas məqam ondan ibarətdir ki, həmin dövrlərdə guya dövlətə xəyanət etmiş şəxslərə qarşı ittihamlar verilib, onlar barədə məhkəmə qərarları çıxarılıb. Faktiki olaraq bu işlərə yenidən baxılması üçün yeni açılmış halllar üzrə Baş Prokurorluq tərəfindən Ali Məhkəmənin Plenumuna təqdimat verilib. Yəni bu potensial olaraq həmin şəxslərin bəraət alıb azadlığa buraxılması anlamına gələ bilər. İkinci məqam üç vəfat etmiş şəxslə bağlıdır. Onlardan ikisinin ittihamı qalırdı. Birinin isə ölüm səbəbi guya pnevmoniya olmuşdu. Bugünkü məlumatda isə deyilir ki, o pnevmoniya səbəbindən deyil, məruz qaldığı işgəncələr səbəbindən dünyasını dəyişib. Yüksək vəzifəli şəxsin həbsi də rəsmi təsdiq edildi. Hansı ki, general-mayor Bəkir Orucov 2017-ci ilin may-iyun aylarında işgəncə hadislərinin baş verdiyi hərbi korpusun qərargah rəisi olub. Bütün bu məqamlar deməyə əsas verir ki, cinayət işinin açılması düzgün istiqamətdə gedir.”

Cəfərov ehtimal edir ki, gələcəkdə daha yüksək vəzifləli şəxslər həbs edilə bilər.

“İstintaqın dairəsi genişləndikcə daha yüksək vəzifəli şəxslərin həbs ediləcəyini ehtimal edirik. Zərərçəkmişlərin və hüquq müdafiəçisi kimi bizim yazılı tələblərimiz belədir ki, cinayətkarların tam dairəsi müəyyən edilib məsuliyyətə cəlb edilsin. Bu baş verməsə, bu iş heç zaman tam açılmış olmayacaq,” o qeyd edib.

"Tərtər işi" üzrə həbs olunanların qohumları, eləcə də həmin iş üzrə zərərçəkmişlər prokurorluğun qarşısında etiraz aksiyası keçiriblər.

“Tərtər işi” barədə qısa məlumat

Son illərdə “Tərtər işi” ilə bağlı öldürülən, işgəncələrə məruz qalındığı iddia edilən, həbs edilən şəxslərin yaxınları istintaqın yekunlarına və məhkəmə hökmlərinə etiraz olaraq rəsmi qurumların binaları qarşısında çoxsaylı aksiyalar keçirib. Hüquq müdafiəçiləri, müxalif siyasi partiyalar hüquq mühafizə orqanlarını və hökuməti obyektiv araşdırma aparmağa çağıran bəyanatlarla çıxış edib.

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirib. Birgə açıqlamada qeyd edilib ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanılan bəzi şəxslərin dindirilmə zaman işgəncə nəticəsində vəfat etdiyi ilə bağlı iddialar yayılıb. Baş Prokurorluq həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərinə rəsmi olmayan məlumatları yaydıqlarına görə xəbərdarlıq edib.

Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan ölən olub-olmadığı və məhkəmə qərarları ilə bağlı hər hansı açıqlama verməyib.

Məhkəmə prosesləri də əsasən, qapalı keçirilib.

Avropa Şurası

AŞPA: İşgəncələr nəticəsində 11 nəfər ölüb

2021-ci il iyunun 26-da Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.

Sənəd müəllifləri “Tərtər işi”ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmanın zəruriliyini bildiriblər. Belə ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib.

"Parlament Assambleyası Azərbaycanda işgəncələrə və qeyri-insani rəftara dair məlumatların sayının artmasından narahatdır. Məsələn, 2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi açılıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində 11 nəfər ölüb.

25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti guya işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin heç kim dəyən zərərə görə kompensasiya almayıb," sənəddə deyilir.

Nəhayət, bu il noyabrın 1-də Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, “Tərtər işi”ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib.

Baş Prokurorluq

Baş Prokurorluq cinayət işinin icraatını yeniləyib

Azərbaycan Baş Prokurorluğu 2017-ci ildə orduda baş verən qanunsuzluqlarla bağlı şərti olaraq “Tərtər işi” adlandırılan, cinayət işinin icraatının təzələnməsi haqqında 2021-ci il dekabrın 16-da qərar qəbul edib.

Baş Prokurouluğun son məlumatına görə, cinayət işinin icraatı yeniləndən sonra işgəncə faktları üzrə ümumilikdə 405 zərərçəkmiş şəxs müəyyən edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində bir qrup hərbi qulluqçunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib.

Hazırda cinayət işinin yenilənmiş icraatı davam etdirilir.

Bir sıra hüquq müdafiəçiləri “Tərtər işi” üzrə qanunsuz qərar verən və insanlara işgəncə verilməsində günahı olan daha yüksək vəzifəli şəxslərin istintaqa cəlb edilməsini tələb edir.

Bununla yanaşı, Azərbaycan rəsmiləri ölkədə sifarişli həbslərin olmadığını, insanların qanun qarşısında bərabər olduğunu bildirir. Dövlət rəsmiləri Azərbaycanda insanların fundamental hüquqlarının tam təmin ediliyini, əqidəsinə görə təqiblərin olmadığını bəyan edir. Lakin, yerli hüquq müdafiəçiləri ölkədə yüzdən çox siyasi məhbusun olduğunu bildirir. Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslar üzrə qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.