Azərbaycan Ordusu Laçın şəhərinə daxil olub

Azərbaycan Ordusu Laçın şəhərinə daxil olub (Foto Müdafiə Nazirliynindir)

Azərbaycan Ordusu Laçın şəhərinə daxil olub, Zabux və Sus kəndlərini nəzarətə götürüb. Bu barədə avqustun 26-da Prezident İlham Əliyev bildirib

“Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtdıq. Azərbaycan ordusu Laçına yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu münasibətlə bütün laçınlıları və Azərbaycan xalqını təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan,” - İlham Əliyev Twitterdə yazıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov avqustun 25-də bildirib ki, Laçından yan keçməklə Xankəndinədək olan 22 kilometrlik yolun tikintisi başa çatıb. Azərbaycan tərəfi erməni əhalinin gediş-gəlişini təmin etmək üçün uzunluğu 4,8 kilometr olan əlavə yol da çəkib.

Özünü Artsax (Dağlıq Qarabağ) Daxili İşlər Nazirliyinin mətbuat xidməti kimi təqdim edən qurum bildirib ki, Qarabağı Ermənistanla birləşdirən dövlətlərarası avtomobil yolunun Şuşa-Laçın-Qoris hissəsi bu il avqustun 31-i də daxil olmaqla fəaliyyət göstərəcək. Bu müddət ərzində insanların sərbəst və təhlükəsiz hərəkəti Rusiya sülhməramlıları tərəfindən təmin ediləcək.

Ermənistan mediasının yaydığı məlumata görə Laçın və Zabux kəndlərini tərk edən 20 erməni ailə Ermənistanın Syunik vilayətində yerləşdirilib. Bu barədə vilayət qubernatorunun köməkçisi Armine Avaqyan bildirib.

2020-ci il noyabrın 10-da 44 günlük hərbi qarşıdurmadan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Ermənitan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin bölgədə aktiv hərbi əməliyyatlara son qoyan birgə bəyanat imzalayıblar.

Bəyanatda deyilir ki, Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilir.

“Tərəflərin razılığına əsasən yaxın üç ildə Laçın dəhlizi boyunca Xankəndi və Ermənistan arasında əlaqəni təmin edən yeni bir nəqliyyat marşrutunun tikintisi planı sonradan bu marşrutu qorumaq üçün Rusiya sülhməramlı kontingenti yenidən yerləşdirilməsilə müəyyən ediləcək. Azərbaycan tərəfi hər iki istiqamətdə Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verir,” sənəddə qeyd edilir.