Polis əməkdaşı müxlifət fəalını məhkəməyə verib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Gülnarə Rəhimova

Bakının Nəsimi Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşı Seymur İmanov Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Gülnarə Rəhimovanın barəsində xüsusi ittiham qaydasında Xətai Rayon Məhkəməsinə şikayət verib. O, Rəhimovanın Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrilə məsuliyyətə cəlb olunmasını tələb edir. Bu maddələrin hər biri 6 ayadək azadlıqdan məhrumetmə də daxil olmaqla cəza nəzərdə tutur.

Şikayət üzrə məhkəmənin hazırlıq iclası hakim Sülhanə Hacıyevanın sədrliyi ilə avqustun 24-nə təyin edilib.

Şikayətə avqustun 11-də Rəhimovanın Facebook sosial şəbəkəsində dərc olunmuş paylaşımı səbəb olub.

İyulun 20-də Nazirlər Kabinetinin binası qarşısında “Sərhədləri açın!” tələbilə keçirilən aksiya zamanı Rəhimovanı “İçərişəhər” metrostansiyasının yaxınlığında saxlayıblar. Onun dediklərinə görə, o, özü ilə birlikdə polis bölməsinə aparılan Əziz Məmiyevin orada döyüldüyünün şahidi olub. Hələ o zaman bu barədə Facebook-da yazıb.

Avqustun 11-də Rəhimova Məmiyevin döyülməsində iştirak etdiyi güman edilən serjant İmanovun fotosunu paylaşıb.

Rəhimova hesab edir ki, onun yazısında təhqir və ya böhtan olmayıb.

“Bu şikayətdə məqsəd etiraz aksiyalarında iştirak etdiyimə və hökuməti tənqid etdiyimə görə mənə təzyiq göstərməkdir,” Rəhimova Facebook səhifəsində yazıb.

“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı Rəhimovanın işini nəzarətə götürüb.

“Müdafiə Xətti” qeyri-hökumət təşkilatının üzvü Zəfər Əhmədovun sözlərinə görə, Rəhimovanın yazısında təhqir və ya böhtan əlaməti yoxdur.

Şərhlərin məzmununa görə isə postu dərc edən istifadəçi məsuliyyət daşımır," Əhmədov qeyd edib.

Xüsusi ittihamçı İmanovdan şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, Gülnarə Rəhimova etiraz aksiyalarında fəal iştirakı ilə tanınır, bu səbəbdən dəfələrlə saxlanılıb və cərimələnib.