Accessibility links

Tofiq Yaqublu: Formula-1 yarışına gələn turistləri ölkəyə quru sərhədlə niyə buraxırdınız? Onda virus yoluxmurdu?


Tofiq Yaqublu
Tofiq Yaqublu

Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu iyulun 20-də Nazirlər Kabinetinin binası qarşısında “Ölkənin quru sərhədlərini açın!” tələbiylə etiraz aksiyası təyin edib.

Bakı Şəhər İcra Hakimiyyəti təyin olunan aksiyayaya icazə verməyib. BŞİH Yaqubluya pandemiya səbəbindən piket keçirməyi deyil, müvafiq quruma müraciət etməyi məsləhət bilib.

Tofiq Yaqublu Amerikanın Səsinə müsahibəsində bildirib ki, o, Bakı Şəhər İcra Hakimiyyətinin razılığından asılı olmayaraq, aksiyanı keçirmək niyyətindədir:

“Bakı Şəhər İcra Hakimiyyətinin cavabı tamamilə qanunsuzdur, bizim konstitusiyon hüququmuzu pozur, ona görə də biz həmin qərarı nəzərə almayacağıq. Çünki Bakı Şəhər İcra Hakimiyyətinin bizim konstitusiyon hüququmuzu pozmağa, tapdalamağa səlahiyyəti çatmır. Baxmayaraq ki, Daxili İşlər Nazirliyi bəyanat yayıb ki, aksiya razılaşdırılmayıbsa onun keçirilməsinə icazə verməyəcək, DİN hüquq-mühafizə orqanıdır, o, vətəndaşların hüququnu qorumaqla məşğul olmalıdır, daha hansısa inzibati qurumun şıltaqlıqlarını və özbaşınalıqlarını müdafiə etməli deyil”.

Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib ki, Azərbaycanın quru sərhədləri bağlıdır və bağlı olmalıdır. Prezident bunun koronavirusun yayılmasının qarşısının alınması ilə əsaslandırıb: “Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik”.

Tofiq Yaqublu isə İlham Əliyevin bu fikirləri ilə razılaşmadığını bildirib və onları gülünc və absurd adlandırıb:

“Bu günə qədər hökumət, o cümlədən İlham Əliyev xalqın bu tələbinə əməl etmək o yana dursun, qalxıb bir cavab da verməyib. Yalnız aksiya təyin olunandan sonra İlham Əliyev bu məsələ haqqında danışmağı lazım bildi və çox absurd, gülünc danışdı. Təxminən belə dedi: “Ağa Nəzərəm, belə gəzərəm”, mən bağlamışam, əcəb eləmişəm, nə vaxt lazımdırsa, açaram”.

Siyasətçinin sözlərinə görə əgər ölkə başçısı bu haqda danışırsa, o, fikirlərini əsaslandırmalı idi, lakin prezidentin gətirdiyi arqument əsaslı deyil:

“Deyir ki, virus quru yolla daha çox yayılır, təxminən buna yaxın bir izahat verdi. Bəs bu virus metroda olmur, avtobusda olmur, restoranda olmur, şadlıq evində olmur, stadionda olmur, məsciddə olmur, necə olur bircə quru sərhəddə olur? Təyyarə ilə başqa ölkəyə gedib gələndə, onda virus getmir, Formula-1 yarışına gələn turistləri, azarkeşləri ölkəyə quru sərhədlə niyə buraxırdınız? Bununla bağlı xüsusi göstəriş də vermişdiniz. Həmin əcnəbilər ölkəmizə quru yolla, öz şəxsi avtomobilləri ilə gəldilər və getdilər də. Bəs onda virus yoluxmurdu?”.

Onun fikrincə bu məsələyə prezidentin şəxsi mülahizəsi nəticəsində qərar verilməməlidir və mütəxəssislərin əsaslandırması olmalıdır:

“Doğrudan da quru yolla virus daha çox yayılırsa, bunu əsaslandırsın, mütəxəssislər danışsın, bu, iclasda müzakirə olunmalıdır. Bu, sadəcə yuxarıdan deyir ki, “yollar bağlı olmalıdır” və bağlayırlar, heç kəs də onun bir sözünü iki eləmir. Bu tamamilə absurddur” - deyə, Yaqublu bildirib.

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il sentyabrın 1-dək uzadılıb. Xüsusi karantin rejimi tətbiq edildiyindən 2020-ci ilin martından Azərbaycanın quru və dəniz sərhədləri insanların keçidi üçün bağlıdır.

Azərbaycanla Türkiyənin (Naxçıvan) quru sərhədi də sentyabrın 1-ə kimi bağlanıb. Səbəb kimi pandemiya göstərilib.

XS
SM
MD
LG