Accessibility links

Bakı meriyası rədd cavabı versə də, Tofiq Yaqublu etiraz aksiyasının keçiriləcəyini bildirir


Tofiq Yaqublu (Arxiv foto)
Tofiq Yaqublu (Arxiv foto)

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublunun iyulun 20-də saat 12-də Nazirlər Kabinetinin binası qarşısında “Quru sərhədləri açın!” tələbi ilə bağlı keçirmək istədiyi etiraz aksiyası barədə xəbərdarlıq məktubuna rədd cavabı verib.

Meriya Yaqubluya pandemiya səbəbindən piket keçirmək deyil, müvafiq quruma müraciət etməsini məsləhət bilib.

Tofiq Yaqublu bildirib ki, aksiya olacaq.

“Bakı şəhər İcra Hakimiyyətinin məktubu qanunsuzdur və onların qanunsuz tələblərinə əməl etmək niyyətində deyiləm. İyulun 20-də saat 12-də Nazirlər Kabinetinin binası qarşısında “Quru sərhədləri açın!” tələbi etiraz aksiyası keçiriləcək. Ölkədə bütün məhdudiyyətlər aradan qaldırılıb, insanlar sərbəst ictimai nəqliyyatdan istifadə edirlər, məktəblər, restoranlar, idman zalları, məscidlər açıqdır, virus gedib quru sərhəddə gözləyir bizi? Naxçıvanın ta əvvəldən quru sərhədləri bağlanmayıb və ölkə üzrə ən az yoluxma da məhz orada olub. Bir sözlə, İlham Əliyevin bizim haqlı tələbimiz qarşısında deməyə sözü yoxdur və ona görə də belə gülünc fikirlər səsləndirir. Elə buna görə də aksiya olacaq!” o qeyd edib.

Bununla yanaşı, Prezident İlham Əliyev altı ayın yekunları ilə bağlı iyulun 15-də keçirilən müşavirədə deyib ki, Azərbaycanın quru sərhədləri bağlıdır və bağlı olmalıdır.

“Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur?” dövlət başçısı qeyd edib.

Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin rəhəbri Ehsan Zahidov Amerikanın Səsinə deyib ki, əgər aksiyanın keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti orqanı tərəfindən məqsədəuyğun hesab edilməyibsə qanunsuz hesab olunur və cəhdin qarşısı dərhal polis tərəfindən alınacaq.

XS
SM
MD
LG