Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 19 milyon 622,5 min ton yük daşınıb

TRACECA

2022-ci ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 19 milyon 622,5 min ton, yük dövriyyəsi isə 4 milyard 804,9 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yüklərin 10 milyon 716,5 min tonu və ya 54,6 faizi avtomobil nəqliyyatı, 6 milyon 408,3 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 2 milyon 497,7 min tonu və ya 12,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 26,3 faizini və ya 5 milyon 160 min tonunu tranzit yüklər təşkil edib.

Rusiya Qərbin sanksiyaları altında olduğundan Çindən qərb bazarlarına və əksinə daşınan yüklərin əsas axını Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə və daha sonra qərb istiqamətini əhatə edən Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinə keçib.

TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov Amerikanın Səsinə bildirib ki, Rusiya-Ukrayna müharibəsi TRACECA xətti ilə yük daşımalarının həcminin artmasına təkan verib.

"Rusiya üzərindən il ərzində bir milyon konteynerdən çox yük daşınırdı. Bizim dəhlizimizdən tarixi göstərici üzrə maksimal hədd 50-60 min konteyner olub. Təbii ki, Rusiya üzərindən daşınan yüklərin 100 faizini fiziki olaraq hazırkı vəziyyətdə bizim dəhlizimizin emal etməsi çətindir. Amma istənilən dərəcədə ilin sonuna qədər proqnozlaşdırırıq ki, bizim dəhlizlə yük daşınmasında ən azı 3-5 dəfə artım ola bilər" , o qeyd edib.

Bu il mayın 16-dan 24-dək Xəzər dənizi və Qara dəniz limanları vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə ticarətin artırılması imkanlarına dair tədqiqat turu (Road Sho) keçirilib.

Aktaudan (Qazaxıstan) başlayaraq Bakı (Azərbaycan), Tbilisi və Batumiyədək (Gürcüstan) davam edən tədqiqat turunda Mərkəzi Asiya ölkələri, Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyədən nümayəndə heyətləri iştirak edib.

Turun təşkilatçıcı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bildirib ki, məqsədi gömrük və sərhəd prosedurlarının uyğunlaşdırılması, transsərhəd ticarət və investisiyalar üzrə dövlət-özəl dialoqunun artırılması yolu ilə Mərkəzi Asiyada iqtisadi artımı sürətləndirmək və iqtisadi imkanları artırmaq üçün region miqyasında ticarət əlaqəsini və uyğunlaşdırılmasını təkmilləşdirməkdir. Tədbirlərdə, həmçinin transsərhəd firmalar arasında əlaqənin təkmilləşdirilməsi və ticarət məsələlərinin həlli diqqət mərkəzində olub.

Bununla yanaşı, Azərbaycandan tranzit keçməklə Gürcüstan, Türkiyə marşrutu ilə hərəkət edən yük nəqliyyat vasitələrinin gömrük-keçid məntəqələrində yaranan sıxlıqların aradan qaldırılması məqsədilə mayın 12-də gömrük orqanlarının nümayəndələri arasında görüş keçirilib.

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (ТRACECA - Transport Corridor Europe -Caucasus-Asia) - Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir.

Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

Bu dəhliz üzrə hərəkət edən qatarlar orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biri hesab olunur.

Dəhliz vasitəsilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları, digəri isə Bakı-Tbilisi-Qars dəmir yoludur.