Accessibility links

Qara dəniz - Xəzər dənizi nəqliyyat marşrutu üzrə birgə bəyannamə imzalanıb


Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirləri Buxarestdə görüşüb
Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirləri Buxarestdə görüşüb

Martın 4-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, David Zalkaliani, Teodor-Viorel Meleşkanu, Rəşid Mərədovun ilk xüsusi görüşü olub.

Xüsusi görüşün bəyannaməsində deyilir ki, nazirlər qlobal ticarətə və səmərəli nəqliyyat bağlılığına artan beynəlxalq əhəmiyyəti nəzərə alaraq, dördtərəfli əməkdaşlıq formatında Qara dəniz və Xəzər dənizi arasında beynəlxalq nəqliyyat marşrutunun inkişafını qeyd edib.

Nazirlər Avropa İttifaqını Mərkəzi Asiya ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan üzərindən keçməklə birləşdirən beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək üçün Avropa İttifaqı ilə mövcud və digər potensial əməkdaşlıq formatlarından ən yaxşı şəkildə yararlanmağın vacibliyini vurğulayıb.

Nazirlər danışıqlarda Bakı Beynəlxalq Dəniz Limanı infrastrukturunun inkişafında əldə edilən nailiyyətlər ilə yanaşı, Ələtdəki Azad İqtisadi Zonanın (Azərbaycan), Batumi limanlarının (Gürcüstan), Poti (Gürcüstan), Konstantsa (Rumıniya) və Türkmənbaşı Beynəlxalq Dəniz Limanının (Türkmənistan) yaradılması, habelə Anakliya (Gürcüstan) Dərin Dəniz Limanının tikilməsini vurğulayıb

Dörd ölkənin xarici işlər nazirləri Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun təşviqi üçün növbəti addımları planlaşdırmaq məqsədilə ildə bir dəfədən az olmamaq şərtilə görüş keçirmək barədə razılığa gəlib.

TRACECA layihəsi
TRACECA layihəsi

Avropa İttifaqının TRACECA - “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı 1993-cü ilin mayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.

7-8 sentyabr 1998-ci ildə Bakı şəhərində 9 ölkənin dövlət başçısı - Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib və TRACECA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib.

Əsas Çoxtərəfli Saziş Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionunda iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, avtomobil, hava və dəmir yolu, eləcə də ticarət gəmiçiliyi bazarlarına çıxışın asanlaşdırılması, yük və sərnişinlərin, həmçinin karbohidrogen resurslarının beynəlxalq daşımalarının inkişaf etdirilməsi, nəqliyyatın təhlükəsizliyinin, ətraf mühitin mühafizəsi, müxtəlif nəqliyyat növləri arasında bərabər rəqabət şəraitinin yaradılması kimi məsələlər üzrə əməkdaşlığı nəzərdə tutur.

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi 2001-ci ildə Bakı şəhərində açılıb.

Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutu “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramının tərkib hissəsidir.

XS
SM
MD
LG