"Azərbaycan Hava Yolları" şirkəti dörd yeni "Boeing 787-8 Dreamliner" avialayneri alır

Cahangir Əsgərov və Sten Dil (Foto AZAL şirkətinindir)

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti öz hava gəmiləri parkını dörd yeni müasir "Boeing 787-8 Dreamliner" avialayneri ilə genişləndirəcək.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətinin məlumatına görə, iyulun 20-də AZAL-ın prezidenti Cahangir Əsgərov və "Boeing Commercial Airplanes" şirkətinin prezidenti, mülki təyyarələr bölməsinin baş icraçı direktoru Sten Dil müvafiq anlaşma memorandumu imzalayıblar. Sənədin imzalanması Farnboroda keçirilən məşhur Aviasiya şousu ("Farnborough International Airshow" - Böyük Britaniya) çərçivəsində baş tutub.

Qeyd edilən növ hava gəmilərinin 2025-2030-cu illər ərzində Azərbaycana gətirilməsi nəzərdə tutulub.

"AZAL" postsovet məkanında "Boeing 787-8 Dreamliner" təyyarələrinin istismarına başlayan ilk aviaşirkətdir. Hazırda aviaşirkətdə bu tip iki layner istismar edilir.

Farnboro Beynəlxalq Aviasiya Şousu ("Farnborough International Airshow" (FIA)) Farnboro hava limanı ərazisində iki ildən bir keçirilir. Bu tədbir aerokosmik avadanlıq və texnologiyalar sahəsində ən mühüm ümumdünya platformasıdır. 2016-cı ildə FİA dünyanın ən böyük aviakosmik sənayesi sərgisi statusunu qazanıb.