Prezident İlham Əliyev avqustun 6-da koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bir sıra dövlət şirkətlərinin fəaliyyətini tənqid edib.
Prezident: Yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır?
“Dövlət Neft Şirkətinə (SOCAR) pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait,” Əliyev bildirib.
AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?İlham Əliyev, Azərbaycan prezidenti
“Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. “Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir,” o, qeyd edib.
“Biz demirik ki, inkişaf etmiş ölkələrdə bu işlər lazımi səviyyədə tənzimlənir? Orada zərərlə kim işləyər? Ola bilər hansısa strateji sahələrə dövlət tərəfindən dəstək, dotasiya verilir. Lakin bir çox hallarda orada bütün iqtisadi münasibətlər bazar iqtisadiyyatı prinsipi əsasında qurulub. Amma belə çıxır ki, bizdə özəl sektor bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir, - halbuki dövlət oraya da dəstək verir, - amma dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz.
Artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar. Mənə də ilkin təqdimat edilibdir. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam,” dövlət başçısı əlavə edib.
Prezidentin tənqidindən sonra sosial şəbəkələrdə daha çox AZAL şirkəti ilə bağlı tənqidi fikirlər yayılıb.
Qubad İbadoğlu: Ehtiyacı olanlara 190 manatı qıymayan hökümət AZAL-a 806,9 milyon manat yardım ayırıb
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu dövlət başçısına istinad edərək bildirir ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?
Bu sualları səsləndirən İlham Əliyev AZAL-ın prezidenti Cahangir Əsgərovu Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə 10 iyul 2010-cu ildə "Şöhrət", 11 iyul 2020-cu ildə, 26 gün bundan əvvəl isə “Şərəf” ordeni ilə təltif edib.Qubad İbadoğlu, ADR Hərəkatının sədri
“Bu sualları səsləndirən İlham Əliyev AZAL-ın prezidenti Cahangir Əsgərovu Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə 10 iyul 2010-cu ildə "Şöhrət", 11 iyul 2020-cu ildə, 26 gün bundan əvvəl isə “Şərəf” ordeni ilə təltif edib. Pandemiya dövründə ehtiyacı olanlara 190 manatı qıymayan hökümət də AZAL-a səxavətlə 86,9 milyon manat yardım ayırıb. Əlbəttə ki, "şöhrət və şərəf" ordenli Cahangir Əsgərov da AZAL-ın gəlirlərini məxsus olduğu biznesə yönəldib, nəinki büdcəyə, aldığı xarici kreditlərə, hətta aldatdığı sərnişinlərə də borclarını ödəməyəcək,” İbadoğlu qeyd edib.
Araşdırmaçı jurnalist: Biz çoxdan yazırıq, çoxlarının sənədlərini, fotolarını yaymışıq
Araşdırmaçı jurnalsit Cavanşir Həsnli dövlət başçısına istinadən yazır ki, Əliyev deyir ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb, bütün aeroportlar dövlət tərəfindən tikilib, bəs pullar hanı: "Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır?"
“Biz çoxdan yazırıq hardadır. Hətta bir çoxlarının sənədlərini, fotolarını da yaymışıq,” araşdırmaçı jurnalist Azərbaycanda, Gürcüstanda, Britaniyada, Almaniyada, Türkiyədə, Ukraynada AZAL prezidenti Cahangir Əsgərovun ailə üzvlərinə məxsus olduğunu iddia etdiyi 30-dan çox şirkətin və bahalı obyektlərin siyahısını dərc edib. Jurnalist obyektlərin qiymətinin on milyonlarla dollar olduğunu bildirir.
Seymur Həzi: ARDNŞ-dan tutmuş AZAL-a qədər iri "kaşalot"ların mədəsində milyonların haqqı var
AXCP sədrinin müavini Seymur Həzi yazır ki, İlham Əliyevin dövlət şirkətlərinə ünvanlanan tənqidi çıxışı birbaşa dövlət aparatı idarəetməsinin vəziyyətinə dair ifşadır.
Tənqid edəni gördük. Cavabı kim verməldir?!Seymur Həzi, AXCP sədrinin müavini
“Bunu onun özünün etməsi isə vəziyyətin nə yerdə olduğunun göstəricisidir. Ən maraqlı isə " belə davam edə bilməz" ifadəsidir. Onun bu qənaətə gəlməsini təşkil edən yuxarı səbəblərin xalqın həyatına birbaşa təsir edən sadə səbəbləri var. ARDNŞ-dan tutmuş AZAL-a qədər bütün bu iri "kaşalot"ların mədəsində milyonların haqqı var. Milyonlarla insan işləyib onların borcunu verib, maxinasiyalarını maliyyələşdirib. Ancaq sonunda ən yüksək səviyyədə "belə davam edə bilməz" qiyməti alan idarəetmə sistemi xalq üçün nə düşünür? Hansı rəqabətli mühit yaradılacaq? AZAL neçə yerə bölünüb, özəlləşdiriləcək? Hansı yeni daşıma şirkətləri ortaya çıxacaq?
Neft Şirkəti xaricə daşıdığı və orada sərmayədarlıq etdiyi biznes strukturlarını dövlət hesabına keçirib sonra yenidən işlənmə forması axtarılacaqmı? SOCAR müstəqil şirkəti dövlətdən aldığı dəstəyin hesabatını kimə və necə verəcək? Ümumiyyətlə açıqlama veriləcəkmi ki, SOCAR niyə yaradılıb və niyə dövlət ona maliyyə yardımı etməlidir? Milyardların harada olduğunu və necə olacağını bu (həm də bu kimi xeyli) sualların cavabı aydınlada bilər. Tənqid edəni gördük. Cavabı kim verməldir?!” o qeyd edib.