Belarus Azərbaycan Hava Yolları (AZAL) Qapalı Cəmiyyətinin Bakı-Nyu-York-Bakı reysinin Belarusun paytaxtı Minsk vasitəsi ilə yerinə yetirilməsini təklif edib.
Belarusun BelTA agentliyi bildirir ki, bu ölkənin nəqliyyat və kommunikasiya naziri Aleksey Avramenko aprelin 13-də Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ilə görüşündə bu təkliflə çıxış edib.
Belarusun nəqliyyat və kommunikasiya nazirliyinin mətbuat katibi Anna Kurilenok bildirib ki, görüş zamanı ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.
Bununla yanaşı, görüş zamanı nazir Avramenko AZAL-ın Bakı-Minsk-Nyu-York-Minsk-Bakı marşrutu ilə qitələrarası uçuşun təşkili imkanlarını nəzərdən keçirməyi təklif edib.
“Hava limanının yaxşı inkişaf etmiş marşrut şəbəkəsi sayəsində Minsk üzərindən ABŞ-a uçuşlar yalnız ölkələrimizin vətəndaşları üçün deyil, Baltikyanı ölkələrdən olan sərnişinlər üçün də cəlbedici ola bilər," Avramenko qeyd edib.
Məlumata görə, görüşdə tərəflər Azərbaycan və Belarus arasında müntəzəm uçuşların pandemiya öncəsi səviyyədə bərpa olunmasını müzakirə ediblər.