Aİ və Azərbaycan enerji sahəsində Strateji Tərəfdaşlığa dair memorandum imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının sədri Ursula Fon der Leyen ilə görüşüb, 18 iyul, 2022-ci il, Bakı, Azərbaycan.  Foto: Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı/REUTERS

İyulun 18-də Bakıda "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.

İmzalanma mərasimi Avropa İttifqanın internet səhifəsində canlı yayımlanıb.

Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen imzalayıb.

Daha sonra onlar mətbuata bəyanatla çıxış edib.

"Bugünkü memorandum bizim aramızda imzalanmış ilk sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı birgə bəyanat imzalamışıq. Beləliklə, bizim yaxşı əməkdaşlıq tariximiz və yaxşı nailiyyətlərimiz var. Azərbaycanın irəli sürdüyü və Aİ tərəfindən və bizim tərəfdaşlarımız tərəfindən dəstəklənən enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib" , Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Onun sözlərinə görə, enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha vacibdir.

"Bu il biz Avropa İttifaqı və Azərbaycan arasında neft və qaz, bərpa olunan enerji və digər məsələlər də daxil olmaqla, bir çox sahələri əhatə edən enerji dialoquna başladıq" , Əliyev qeyd edib.

Daha sonra İlham Əliyev Azərbaycanda bərpa olunan enerji istehsalına toxunub.

Prezident bildirib ki, artıq külək və günəş enerjisinə dair investisiya layihələrinə başlanılıb.

"Biz artıq külək və günəş enerjisinə investisiya yatırmağa başlamışıq. İmkanlarımızın ilkin qiymətləndirməsini həyata keçirmişik. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş rayonlarında külək və günəş enerjisinin potensialı 9200 meqavat, Xəzər dənizində külək enerjisinin potensialı isə 157 meqavatdır. Bizim resurs bazamız həqiqətən də böyükdür" , dövlət başçısı deyib.

Öz növbəsində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen bildirib ki, Rusiyanın Ukraynaya qarşı başladığı işğal müharibəsindən əvvəl belə Rusiya etibarlı enerji tərəfdaşı deyildi.

"Buna görə də Aİ Rusiyadan əlavə enerji mənbələrinin diversifikasiyasına yönəldi, daha etibarlı və güvənili tərəfdaşlarla işləməyə başladı. Azərbaycanın bizim güvəndiyimiz tərəfdaşlar arasında olmasına şadam. Siz bizim üçün çox vacib enerji tərəfdaşısınız və həmişə etibarlı olmusunuz", kommisar qeyd edib.

Onun sözlərinə görə, bu memarandum Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək.

Ursula Fon der Leyen ilkin olaraq memorandumun 3 əsas bəndini qeyd edib.

"Azərbaycandan qaz ixracını iki dəfə artıracağıq. Bu sənəd vasitəsilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqliyimizi ifadə edirik. Bu layihə artıq Avropa İttifaqı üçün çox önəmlidir. Hər il ərzində 8 milyard kub metr qazı Avropaya ötürük, yaxın illərdə onun həcmini 20 milyard kub metrə çatdıracağıq. Gələn il həcmi 12 milyard kub metrə çatdıracağıq və bu, Rusiyadan kəsilən qazı kompensasiya etməyə və Avropanın enerji təminatına əhəmiyyətli töhfə verəcək".

Komissar Anlaşma Memorandumunda ikinci əsas məqamın, bərpa olunan enerji ilə bağlı olduğunu vurğulayıb.

Ursula von der Leyen bərpa olunan enerji sahəsində Azərbaycanın çox böyük potensialının olduğunu diqqətə çatdırıb: “Bu gün biz bu sahədə yeni tərəfdaşlığın əsasını qoyuruq və bütün qaz təchizatı zənciri boyunca metan emissiyalarını azaltmağı öhdəmizə götürürük. Mən Azərbaycanı təşviq edirəm ki, metan qazından imtina ilə bağlı 119 ölkənin qoşulduğu razılaşmaya da qoşulsun” Avropa Komissiyasının rəhbəri vurğulayıb.

O daha sonra humanitar əməkdaşlığın və Aİ-nin vətəndaş cəmiyyəti və müstəqil medianın dəstəklənməsində iştirakının zəruriliyini qeyd edib.

"Biz bu məqsədlər üçün 2,5 milyon avro ayırmışıq" - deyə, o qeyd edib.