Accessibility links

Ukrayna: Rusiya hücumun növbəti mərhələsinə hazırlaşır


Russia's attack on Ukraine continues, in Dnipro
Russia's attack on Ukraine continues, in Dnipro

Ukrayna hərbi qüvvvələri Rusiyanın Ukraynaya hücumunun növbəti mərhələsinə hazırlaşdığı barədə xəbərdarlıq edib. Ukrayna hərbçiləri Rusiyanın Ukraynanın nəzarətində olan Slavyanska hücum məqsədilə bölmələrini yenidən qruplaşdırdığına dair əlamətlərin olduğunu bildiriblər.

Ukrayna hərbi kəşfiyyatının sözçüsü Vadim Skibitski Rusiya qüvvələri tərəfindən hücumunun növbəti mərhələsinə hazırlıqların getdiyini deyib.

“Bu, təkcə havadan və dənizdən raket zərbələri deyil. Biz bütün təmas xətti boyunca, bütün cəbhə xətti boyunca atışma görürük. Taktiki aviasiya və hücum helikopterlərindən fəal istifadə olunur,“ Skibitski qeyd edib.

“Aydındır ki, indi hücumun növbəti mərhələsinə hazırlıq gedir,” o əlavə edib.

“Washington Post” qəzetinin yazdığına görə, təhlilçilərin qüvvələrin yenidən qruplaşdırılmasında fasilə adlandırdığı mərhələdən sonra Rusiya Ukraynanın cənubu və şərqində quruda hücumlarını bərpa etməyə hazırlaşır.

Britaniya Müdafiə Nazirliyi bazar günü son kəşfiyyat məlumatlarına əsasən bildirib ki, Rusiya Ukraynanın cənubunda işğal etdiyi ərazilərdə müdafiə mövqelərini gücləndirir. Müdafiə Nazirliyi Rusiyanın şəxsi heyət və texnikanı Xerson, Mariupol və Zaporojiye arasında yerləşdirdiyini və Melitopol ətrafında təhlükəsizlik tədbirlərini gücləndirdiyini bildirib. Məlumatda bu addımların çox güman ki, Ukraynanın gözlənilən hücumları ilə əlaqədar olduğu deyilir.

“Rusiya canlı qüvvəsinə olan təzyiqləri nəzərə alsaq, [şərq] Donbas [bölgəsi] uğrunda döyüşlər davam edərkən cənubun gücləndirilməsi rus komandirlərinin təhlükəyə nə dərəcədə ciddi yanaşdığını göstərir,” – deyə, Britaniyanın qiymətləndirməsində bildirilir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu şənbə günü cəbhə bölgəsinə səfəri zamanı qoşunlara “bütün əməliyyat istiqamətlərində bölmələrin əməliyyatlarını daha da gücləndirmək” əmri verib.

Qərbin çatdırdığı uzunmənzilli silahların döyüş meydanında Ukraynaya kömək etməyə başladığı bir vaxt Rusiya raketlərinin Ukraynanın bir sıra şəhər və qəsəbələrinə zərbələri nəticəsində yaşayış binaları və digər binalara zərər dəyib. Kiyev rəsmiləri raket zərbələrinin son günlər onlarla insanın ölümünə səbəb olduğunu bildirib.

Ukraynanın ikinci böyük şəhəri olan Xarkov ətrafında şimal-şərq bölgəsinin qubernatoru Oleq Sinequbov Rusiyanın Çuhuiv şəhərinə bir gecədə raket hücumu nəticəsində üç nəfərin öldüyünü bildirib.

Ukrayna rəsmiləri cümə axşamından bəri Rusiya hərbi qüvvələrinin Ukrayna şəhərlərini atəşə tutması nəticəsində azı 40 nəfərin öldüyünü bildirib. Bunlardan üçü uşaq olmaqla 24 nəfər Vinnitsada həyatını itirib.

XS
SM
MD
LG