Avropa İttifaqının xarici siyasət rəhbəri Cosep Borrell bazar ertəsi Rusiyanın bu həftə Odessa və Ukraynanın başqa limanlarındakı blokadanı qaldıracağı ilə bağlı razılıq əldə ediləcəyinə ümid etdiyini bildirib. O, bir çox ölkədə ərzaq qıtlığı ilə üzləşən on minlərlə insanın həyatının bu razılaşmadan asılı olduğunu deyib.
Brüsseldə jurnalistlərlə danışan Borrell deyib ki, Rusiya Ukraynanın taxıl ixracına icazə verməlidir, əks halda beynəlxalq ictimaiyyət Rusiya insanların həyatı üçün heç bir əhəmiyyət kəsb etmədən ərzaqdan silah kimi istifadə edir deməli olacaq.
"Bu, diplomatik oyun deyil. Bu, bir çox insan üçün ölüm-dirim məsələsidir" - deyə, Borrell bildirib.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş keçən həftə Rusiya, Ukrayna, Türkiyə və BMT arasında Rusiyanın fevralın 24-ü işğalından bəri konteynerlərdə ilişib qalmış milyonlarla ton Ukrayna taxılının ixracına dair danışıqlarda geniş razılaşma olduğunu deyib.
Avropa İttifaqı xarici işlər nazirləri Ukraynaya əlavə hərbi dəstək də daxil olmaqla, Rusiyaya qarşı mövcud sanksiyaların tətbiqinin təkmilləşdirilməsi və Rusiyadan qızıl alışının qadağan edilməsi təklifini nəzərdən keçirmək üçün Brüsseldə görüşür.
Borrell deyib ki, Rusiya Avropa İttifaqı ölkələrinə qarşı qazının tədarükündən istifadə edir, lakin o, Avropa İttifaqı liderlərinin hər hansı mümkün vəziyyətlə üzləşə biləcəkləri üçün planlar hazırlayır və Ukraynaya dəstəyi dayandırmayacaq.
O əlavə edib ki, Avropa İttifaqı üzvləri Rusiyaya qarşı sanksiyaları həyata keçirmək üçün səbirli və dözümlü olmalıdırlar.
Borrell Avropa İttifaqı nazirlərinin Ukraynadakı vəziyyətlə bağlı Ukraynanın xarici işlər naziri Dmitri Kulebadan məlumat alacaqlarını bildirib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tvitter hesabında yazıb ki, o, Avropa İttifaqının xarici işlər nazirlərini ölkəsinə daha çox hərbi yardım göstərməyə, Rusiya enerjisinə embarqo tətbiq etməyə və Rusiya neftinin qiymətlərinə məhdudiyyət qoymağa çağırıb. O, həmçinin Ukraynaya qarşı təcavüz cinayətlərinin cəzalandırılması üçün Avropanı tribunala dəstəyə çağırıb.
Bazar ertəsi Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın birinci xanımı Olena Zelenska ilə Dövlət Departamentində görüşməyə hazırlaşır.