Mahmud Bilgin: Təbrizdə təqaüdçülərin yürüşü iqtisadi etirazların siyasi müstəviyə keçdiyini göstərir

Mahmud Bilgin

Keçən həftə Təbrizdə təqaüdçülərin təşkil etdiyi böyük etiraz yürüşündə sayları minlərə çatan nümayişçilər İran dövləti və rəsmilərinə qarşı sərt şüarlar səsləndiriblər.

Siyasi fəal Mahmud Bilgin Amerikanın Səsinə müsahibədə artıq Təbrizdə iqtisadi etirazların siyasi müstəviyə keçdiyi və bu mərhələdə Azərbaycan Milli Hərəkatına mənsub qüvvələrin üzərinə böyük məsuliyyət düşdüyünü deyir.

Your browser doesn’t support HTML5

Mahmud Bilgin Amerikanın Səsinə danışır

“Biz indiyə qədər müəllimlərin hərəkətlərini görmüşdük. Təqaüdçülər də Güney Azərbaycan və digər bölgələrdə bu hərəkətlərdən etmişdilər. Ancaq Təbrizdə təqaüdçülərin öz tələbləri ilə bağlı şüarlarla yanaşı İbrahim Rəisiyə qarşı şüar verməsi çox yeni bir şey idi. Bu məsələni tamamən siyasi mərhələyə çevirdi. Keçən ilin iyul ayında da bir yenilik yarandı. İlk dəfə olaraq “azadlıq, ədalət, milli hökumət” kimi siyasi bir şüar verilmişdi. Amma bu dəfə birinci dəfə olaraq rejim hədəf tutuldu. Rejimin ikinci adamı, İbrahim Rəisiyə qarşı şüar verildi. Rəisi ki, Xameneyiyə çox yaxındır, onun tam güvəndiyi adamdır,” siyasi fəal söyləyir.

Mahmud Bilginin sözlərinə görə, iqtisadi narazılıqlar artıq İran Azərbaycanında da “aparıcı məsələyə” çevrilməkdədir:

Bu dəfə birinci dəfə olaraq rejim hədəf tutuldu. Rejimin ikinci adamı, İbrahim Rəisiyə qarşı şüar verildi. Rəisi ki, Xameneyiyə çox yaxındır, onun tam güvəndiyi adamdır.

“Gördük ki, Təbrizin ardından Zəncanda da təqaüdçülər hərəkətə keçdilər və orada da türk dilində şüarlar verildi. Bu da ümidverici idi ki, Təbirzdəki etirazların Təbrizdən eşiyə də təsir etdiyini göstərməkdədir. Düşünürəm ki, bu gələcəkdə daha artıq siyasiləşəcəkdir. Bunun artacağının əsas səbəbi də iqtisadi vəziyyətlə bağlıdır. Burada milli hərəkatımızın boynuna böyük bir yük düşür... Çünki bu sinfi məsələlər aparıcı məsələyə çevrilir.”

Mahmud Bilgin İranda pensiyaların keçmiş illərə görə bir neçə dəfə azaldığına diqqət çəkərək deyir ki, “aclıq, işsizlik və inflyasiya çoxalır və bunun təzyiqi birinci təqaüdçülərə olur. Çünki onlar istehsalın içində deyil və rejim düşünür ki, bunları əzə bilər. Ancaq, düşünürəm ki, təqaüdçülər bu etirazlardan cavab almasalar, etirazlar daha da radikal səviyyələrə keçəcək.”

SEE ALSO: Təbrizdə çox sayda təqaüdçü yürüş keçirib

O, İran hakimiyyətinin təqaüdçülərin etirazlarına qarşı ehtiyatlı davrandığını ifadə edir:

Bəzi millətçilər düşünə bilər ki, bir etiraz olduğu zaman biz də dərhal başlayaq bunu çevirək tam bir milli hərəkata. Mən bunu düzgün görmürəm. Yəni, bir sinifin hərəkatında o sinifin şüarları verilməlidir. Amma bu şüarların türkcə verilməsini əsas götürməliyik.

“İndi rejimin ən zəif nöqtəsi iqtisadiyyatdır. İranda orta sinif çox böyük zərbələr yeyib və rejim bunu yaxşı bilir. Bilir ki, bu gün milyonlarla ac insanla qarşı-qarşıyadır. Ac qorxmaz, rahatlıqla üsyan edər. Yəni, belə deyil ki, salıb çıxsın ki, nə bilim mədəni itaətsizlik yoluna gedim və ya hansı şüarları verim. O zaman ki, millət yaşayış imkanlarının olmadığını görür, düşünürəm ki, artıq onun qarşısını almaq çox çətindir. Rejim də bunu yaxşı analiz edir. Bilir ki, onlara hücum etsə, hər an bu partlayıb və digər şəhərlərə yayıla bilər.”

Milli Hərəkata mənsub qüvvələr müxtəlif platformalarda son vaxtlar artmaqda olan iqtisadi etirazlarla əlaqədar necə hərəkət edəcəklərini müzakirə edirlər. Mahmud Bilgin hesab edir ki, milli hərəkat müxtəlif siniflərin tələblərinin türk dilində səsləndirilməsi üçün zəmin yaratmalıdır.

SEE ALSO: Məcid Araz: Milli Hərəkatın həm İran Azərbaycanı, həm də İranın tamamı ilə əlaqədar planı olmalıdır

“Güney Azərbaycan Milli Hərəkatı olaraq, düşünürəm ki, çox diqqətli davranmalıyıq. Biz rejimin bu zəifliyini bilirik. Bu əsasda müxtəlif sinifləri tamam gücümüzlə himayə etməliyik. Bir məsələ var ki, məsələn müəllimlər İranın tamamında birlikdə hərəkət edir və şüarları da farsca olur... Biz onların tələblərinin türkcə şüarlar ilə səsləndirilməsi üçün zəmin yaratmalıyıq. Bəzi millətçilər düşünə bilər ki, bir etiraz olduğu zaman, biz də dərhal başlayaq Urmiyə gölündən və dilimizdən danışmağa və bunu çevirək tam bir milli hərəkata. Mən bunu düzgün görmürəm. Yəni, bir sinifin hərəkatında o sinifin şüarları verilməlidir. Amma bu şüarların türkcə verilməsini əsas götürməliyik. O şüarların türkcə verilməsi bizim kimliyimiz olar.”