Accessibility links

Bulut Ələmdar: İran əhalisi bahalıq və iqtisadi böhranlarla yaşamağa alışıb


 Bulut Ələmdar
Bulut Ələmdar

İranın Qida və Kənd Təsərrüfatı Sənayesi Federasiyasının açıqlamasına görə, keçən həftələrdə əsas qida məhsullarının qiymətinin dramatik şəkildə artmasından sonra İranda ərzaq məhsullarının satışı 50 faiz azalıb.

Amerikanın Səsinə danışan siyasi fəal Bulut Ələmdar İran əhalisinin keçən illərdən bəri zamanla yüksək inflyasiya, bahalıq və iqtisadi böhranlarla yaşamağa alışdığını önə çəkir.

Bulut Ələmdar: İran əhalisi bahalıq və iqtisadi böhranlarla yaşamağa alışıb
please wait

No media source currently available

0:00 0:13:39 0:00
Direct link

“İranın satdığı neftin dəyərinə baxdığımızda onunla xalqı yaxşı keçindirə biləcəyi görünür. Amma yanlış iqtisadi proqramlar həyata keçirilir. Pulları öz tərəfdarlarına yedirirlər. Ayrıca, bölgədəki ölkələrə milis göndərərək müdaxilə edirlər. Bunlardan dolayı İran içəridə bir şeyləri qısmaq zorunda qalır. Məsələn millətin süfrəsini daraldır... Ona görə, narazılıq hər zaman var, illərdir var. Bu narazılıq ara-sıra biraz çoxalır və küçə hərəkatlarına çevrilir. Arada- sırada da yatışır. Milləti bir şəkildə buna alışdırırlar. Millət yeni vəziyyətlə barışır. Yəni, mən iqtisadi vəziyyətin pis olmasının İrandan bir inqilabın ortaya çıxaracağını düşünmürəm,” Ələmdar söyləyir.

Keçən həftələrdə ərzaq məhsullarının qiymətində qəfil dramatik artım İbrahim Rəisi hökümətinin zəruri mallar üçün müəyyənləşdirilmiş subsidiyaları ləğv etməsindən sonra başladı. Bulut Ələmdarın fikrincə, “bu İbrahim Rəisi ya Əhmədinejad ya Ruhani məsələsi deyil. İran dövlətinin ümumi siyasətlərinin nəticəsidir.”

Siyasi fəal İran Azərbaycanındakı iqtisadi vəziyyətə diqqət çəkərək deyir ki, “Güney Azərbaycan bölgəsində zatən şah dönəmindən bəri bir iqtisadi embarqo kimi bir şey var; fabriklərin az olması, ağır sənayelərin olmaması, millətin oradan köçməyə məcbur edilməsi. Bizim bütün kəndlərimiz və şəhərlərimizdən insanlar işsizlikdən, iqtisadi durumun yaxşı olmadığından dolayı köçüb fars bölgələrə gedirlər. Bizim bəzi şəhərlərimizin əhalisi azalır.”

Bulut Ələmdar İran Azərbaycanındakı yoxsulluğa rəğmən iqtisadi vəziyyətlə bağlı etiraz aksiyalarının daha az olduğunu söyləyir.

“Amma yenə də bizim bölgəmizdə etirazlar biraz daha azdır. Onun da səbəblərindən çox saymaq olar. Ən başlıca səbəbi budur ki, sadəcə bahalıqdan və iqtisadi sıxıntıdan dolayı bir ayaqlanma başladıldığı zaman bir yerə yetişmir. Nə demokratik bir orqan var, nə beynəlxalq orqanlar müdaxilə edə bilər bu işə, nə də ki bu gəlib bir inqilaba çevirlər bilər ki, hər şey dəyişsin. Amma vəziyyət çox ağırdır. Sadəcə bir kəsim dövlətə yaxın olan insanlar rahat yaşayır,” o bildirir.

Ələmdar deyir ki, hakimiyyətə mənsub bəzi qüvvələr zahirdə müxalif kimi danışaraq, İslam Respublikasında heç bir problemin olmadığını, problemin yalnız iqtisadiyyatla bağlı olduğunu göstərməyə çalışırlar.

Onun sözlərinə görə, “Azərbaycan Milli Hərəkatı başlanğıcından bəri bütün platformlarında iqtisadi basqılar və bizim bölgənin talan olması, bizim bölgənin yoxsullaşdırılması və bahalıq məsələsini gündəmə gətirir”.

“Amma bu ana söyləmimiz deyil. Bu bahalıq və iqtisadi sıxıntılar çoxaldıqca təbii ki, daha çox vurğulanması lazimdir. Çünki nəticədə bizim hədəfimiz millətimizin azad və rifahda yaşamasıdır. Amma bu bizi təməl haqq-hüquq məsələlərimizdən də uzaqlaşdırmamalıdır... Bəzi sözdə müxalif, amma əslində öz adamları, Mütəhhəri kimi və ya bəzi mollalar və cümə imamları danışıqlarında deyirlər ki, xalq İran dövlətinə, İslam Respublikasına və mollalara müxalif deyil. İqtisadi durum biraz yaxşı olsa, millətin başqa problemi yoxdur. Bizim bu [oyuna] gəlməyimiz təhlükəli olar. Çünki bizim istədiyimiz insan haqları əsasında xalqın demokratik şərtlərdə yaşaya biləcəyi bir dövlət qurmaqdır. Bizim milli söyləmlərdən uzaqlaşmağımız illərdir davam edən mücadiləmizin nəticəyə yetişməsini gecikdirər,” Bulut Ələmdar qeyd edir.

XS
SM
MD
LG