Accessibility links

Təbrizdə çox sayda təqaüdçü yürüş keçirib


Təbrizdə təqaüdçülərin yürüşü, 6 iyun, 2022-ci il.
Təbrizdə təqaüdçülərin yürüşü, 6 iyun, 2022-ci il.

Bazar ertəsi günü İranın bir çox şəhərində təqaüdçülər etiraz aksiyaları təşkil edib. Təbrizdə yürüş keçirən yüzlərlə təqaüdçü İran dövləti və rəsmilərinə qarşı şüarlar səsləndiriblər.

İyun ayının 6-da Təbrizdə çox sayda təqaüdçü Sosial Müdafiə Təşkilatının baş idarəsinin önündən başlayaraq Abrəsan küçəsindən keçib və Şərqi Azərbaycan vilayətinin valilik binasına doğru yürüş keçiriblər. Bəzi mənbələrdə bir neçə min nəfərin aksiyaya qatıldığı bildirilib.

İnternet portalları və sosial şəbəkələrdə yayılan videogörüntülərdə aksiyaya qatılan çox sayda təqaüdçünün türk və fars dillərində İran dövləti və rəsmilərinə qarşı şüarlar səsləndirdiyi eşidilir.

Yürüşə qatılanlar “Baznişəstə (təqaüdçü) nə istir? Haqq-hüququn(u) istir”, “xalqını aldadan dövlətə ölüm!”, “bizim düşmən buradadır - Amerika deyil, yalandır”, “Ustandar (vali)! Sən gəlmədin, biz gəldik” kimi şüarlar səsləndiriblər.

Videogörüntülərdə həmçinin prezident İbrahim Rəisiyə qarşı səsləndirilən “daş başıva Rəisi” və “Rəisiyə ölüm!” şüarları eşidilir.

Sosial Müdafiə Təşkilatının təminatında olan təqaüdçülər keçən aylardan bəri İranın müxtəlif şəhərlərində etiraz aksiyaları təşkil edirlər. Təqaüdçülərin təmsilçiləri əvvəlki aylarda agentliklərə müsahibə verərək tələblərini gündəmə gətiriblər. Onlar əmək haqqının real yaşayış xərclərinə uyğun olaraq müəyyən edilməsi, sığorta hüquqlarının tanınması və maaşların bərabərləşdirilməsi layihəsinin tam tətbiq edilməsi kimi tələblər irəli sürürlər.

XS
SM
MD
LG