Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü olub

Mayın 12-də Düşənbədə Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiyanın xarici işlər nazir Sergey Lavrovun Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla əvvəlcə ayrılıqda sonra isə üçtərəfli formatda görüşü olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ikitərəfli formatda olan görüşdə regionda cari vəziyyətə dair fikir mübadiləsi aparılıb, tərəflər sülhün və təhlükəsizliyin təminatı üçün imzalanmış üçtərəfli bəyanatların (Azərbaycan, Ermənistan və Rusiya liderləri) həyata keçirilməsinin vacibliyini təsdiqləyiblər.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün tədbirlərin görülməsinin vacibliyi qeyd edilib.

Həmçinin tərəflər təhlükəsizlik sahəsində regional və beynəlxalq gündəliyə dair məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Lavrovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da analoji görüşündə sərhədin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Azərbaycan-Ermənistan komissiyasının görüşünün gələn həftə Moskvada keçirilməsi planlaşdırılıb. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Biz azərbaycanlı həmkarlarımızla sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması məsələsini müzakirə etdik. Rusiya Federasiyası baş nazirinin müavini Overçuk ilə razılaşma var ki, mayın 16-17-də Moskvada kommunikasiyalar üzrə görüşəcəklər və həmin günlərdə yenə orada delimitasiya və sərhəd təhlükəsizliyi üzrə ikitərəfli görüş olacaq," Ermənistan KİV-i mayın 12-də Düşənbədə Lavrovla görüşən Mirzoyanın sözlərindən sitat gətirib.

Qeyd edək ki, cümə axşamı Rusiya baş nazirinin müavini Aleksey Overçuk Yerevana gedəcək və qarşıdakı görüşün gündəliyini razılaşdıracaq.

Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Serqey Lavrov və Ararat Mirzoyan arasında keçirilən üçtərəfli formatda görüşdə tərəflər bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyini vurğulayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında isə üçtərəfli görüşlə bağlı deyilir ki, regional kommunikasiyalar və iqtisadi əlaqələrin bərpa edilməsi, demarkasiya və sərhəd təhlükəsizliyi komissiyasının yaradılması və Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair saziş ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qarabağ münaqişəsinin hərtərəfli həlli çərçivəsində Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi, onların hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də Dağlıq Qarabağın statusu ilə bağlı erməni tərəfinin mövqeyini bir daha təsdiqləyib.

O, həmçinin 44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlərin dərhal həllinin vacibliyini, o cümlədən erməni hərbi əsirlərin dərhal vətənə qaytarılmasının vacibliyini vurğulayıb.