Accessibility links

Azərbaycan və ABŞ ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair geniş müzakirələr aparıb


Azərbaycan Prezidenti İlham Əliyev aprelin 27-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.

Nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger, Gürcüstandakı səfiri Kelli Deqnan və Ermənistandakı səfiri Linn Treysi daxildir.

Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində yayılan məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair geniş müzakirələr aparılıb. Həmçinin bu il Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin qeyd olunduğu vurğulanıb. Bu müddət ərzində iki ölkə arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğu, xüsusilə enerji sahəsində sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib.

"Söhbət zamanı regional məsələlər barədə fikir mübadiləsi aparıldı, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, kommunikasiyaların açılması məsələləri müzakirə edildi. Prezident İlham Əliyev bildirdi ki, sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır," məlumatda qeyd edilir.

Dövlət başçısı 30 ilə yaxın davam edən "işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi dağıntıları, maddi-mədəniyyət abidələrinin, 60-dan çox məscidin dağıdıldığını və onlardan tövlə kimi istifadə olunduğunu qeyd edib."

İşğal dövründə Azərbaycan ərazilərində Ermənistan tərəfindən çox sayda minaların basdırıldığını deyən Prezident İlham Əliyev hazırda Azərbaycanın üzləşdiyi mina problemini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin əhəmiyyəti qeyd edilib.

Məlumatda deyilir ki, söhbət zamanı dövlət başçısı Birinci Qarabağ müharibəsindən etibarən 4 mindən çox soydaşın itkin düşmüş hesab olunduğunu, onların bir çoxunun işgəncələrə məruz qaldığını və öldürülərək Ermənistan tərəfindən kütləvi məzarlıqlarda basdırıldığını bildirib, həmin məzarlıqların yerləri haqqında Ermənistan tərəfindən məlumatın verilməsinin vacibliyini vurğulayıb və bununla əlaqədar ABŞ hökumətinin dəstəyinin zəruriliyini qeyd edib.

Görüşdə regionda davamlı sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında isə deyilir ki, ABŞ rəsmiləri Azərbaycana Ukraynaya verdiyi humanitar yardım və göstərdiyi dəstəyə görə təşəkkürlərini bildirib.

"Putinin seçdiyi bu müharibə bütün ölkələrin təhlükəsizlik və rifahını şübhə altına qoyur. Dövlət katibinin köməkçisinin müavini Olson ABŞ-Azərbaycan ikitərəfli tərəfdaşlığının davamlı əhəmiyyətini və ABŞ-nin Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiqliyini vurğulayıb," ABŞ Səfirliyinin məlumatında qeyd edilir.

XS
SM
MD
LG