Accessibility links

Avropa İttifaqının təşkilatçılığı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq


Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyan (arxiv-foto)
Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyan (arxiv-foto)

Azərbaycan prezidenti İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşündə Avropa İttifaqının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş naziri ilə yeni görüşünün olacağını bildirib.

“Ümid edirəm ki, bu görüş məhsuldar olacaq. Çünki artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib.”

Əliyevin fikrincə, münaqişə artıq öz həllini tapıb.

“Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır. Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək,” o, qeyd edib.

Əliyev deyib ki, Azərbaycanın təqdim etdiyi beş prinsip beynəlxalq hüququn normalarını, yaxşı beynəlxalq davranışı əks etdirir.

ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağına ümidvar olduğunu bildirərək, qeyd edib ki, nizamlanmaya aparan indiki mərhələ çox nikbin görünür.

Avropa İttifaqının martın 30-da yaydığı məlumata görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 6-da Brüsseldə keçiriləcək görüşə hazırlıqla bağlı müzakirələr aparılıb.

Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüşü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar təşkil edib.

“Cənab Hacıyev və cənab Qriqoryan arasında ayrıca ikitərəfli görüşün də daxil olduğu substantiv müzakirələr zamanı iştirakçılar liderlərin görüşü zamanı əldə olunmuş anlaşmaların davamı olaraq Ermənistan və Azərbaycan arasında siyasi və təhlükəsizlik vəziyyəti və bütün məsələlərin spektrini nəzərdən keçirdilər. 14 dekabr 2021-ci ildə Brüsseldə keçirilən hər iki ölkənin liderlərin görüşündə qaldırılan məsələlərlə yanaşı, müzakirələri davam etdirmək üçün yenidən görüşmək barədə razılığa gəliblər. Ermənistan və Azərbaycan həmçinin sülh sazişinin perspektivləri ilə bağlı məsələləri də həll edəcəklər. Avropa İttifaqı Cənubi Qafqazda davamlı sülh və sabitlik istiqamətində fəaliyyətini davam etdirməyə sadiqdir” - Avropa İttifaqının məlumatında deyilir.

Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdakı Brüssel görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə sülh danışıqları prosesinin başlanması ilə bağlı bütün məsələləri müzakirə etməyə və razılaşdırmağa ümid edir.

Martın 31-də hökumətin iclasında Nikol Paşinyan qeyd edib ki, Ermənistan demarkasiya və delimitasiya, regional kommunikasiyaların açılması, Dağlıq Qarabağda hərbi eskalasiyanın qarşısının alınması məsələlərində konkret və məntiqli həllər təklif edir.

“Bizi razılaşmalardan imtina etməkdə və ya onlara əməl etməməkdə ittiham etməyə heç bir əsas yoxdur. Bir daha bildirirəm ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Ermənistan dərhal sülh danışıqlarına başlamağa hazırdır. Aprelin 6-da Brüsseldə mənim, həmçinin Avropa Şurasının rəhbəri Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə görüş planlaşdırılır. Mən Azərbaycan prezidenti ilə bu görüşdə sülh danışıqlarının başlanması ilə bağlı bütün məsələlərin müzakirəsini və razılaşdırılmasını səbirsizliklə gözləyirəm,” Paşinyan bildirib.

Paşinyan bildirib ki, Ermənistan Bakının sülh sazişi ilə bağlı 5 bənddən ibarət təklifini qəbul edir, lakin Qarabağ erməniləri üçün təhlükəsizliyə zəmanətlə bağlı məsələlərin ora daxil edilməsini vacib hesab edir.

Rəsmi Bakının təkliflərinə aşağıdakılar daxildir: suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması, ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə onların irəli sürülməməsi, tərəflər təhlükəsizliyə təhdidlərdən, müstəqilliyə və ərazi bütövlüyünə qarşı güc tətbiq etməkdən çəkinməyi öhdələrinə götürürlər, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılması və digər sahələrdə əməkdaşlıq.

Bu arada Nikol Paşinyan həmçinin hökumətin iclasında Dağlıq Qarabağda son insidenti nəzərdə tuturaq deyib ki, Azərbaycanın “ermənilərsiz Dağlıq Qarabağ” siyasətini qəbul etməsi və həyata keçirməsi 2020-ci il 9 noyabr üçtərəfli bəyanatını özbaşına şərhləri ilə də təsdiqlənir.

Onun sözlərinə görə, Azərbaycanın hələ də davam edən bəyanatları belədir ki, 9 noyabr tarixli üçtərəfli bəyanatda guya Müdafiə Ordusunun Dağlıq Qarabağdan çıxarılması öhdəliyi qeyd olunub.

“Dağlıq Qarabağ Müdafiə Ordusunun çıxarılması ermənilərin Dağlıq Qarabağdan çıxarılması deməkdir. Bu, Azərbaycanın formalaşdırdığı tələbdir. Bu, həm də Azərbaycanın Dağlıq Qarabağı bütün ermənilərdən, o cümlədən minillik kilsələrdən, xaçkarlardan, kitabələrdən azad etmək siyasətinə haqq qazandırır. Paruxda (Fərrux) baş verənlər sübut edir ki, Dağlıq Qarabağ erməniləri qorunmalıdır, əks halda onlar soyqırımın qurbanı olacaqlar,” Paşinyan qeyd edib.

24 mart tarixində Ermənistanın rəsmi mənbələri Azərbaycan Silahlı Qüvvələrinin Rusiya sülhməramlılarının cavabdehlik zonasında Əsgəran rayonunun Fərrux kəndi və yaxınlıqdakı mövqeləri nəzarətə götürdüyünü və bundan sonra Qarabağın şərq istiqamətində irəliləməyə cəhd etdiyini bildiriblər.

Növbəti gün özünü Dağlıq Qarabağın Müdafiə Ordusu adlandıran qurumun mətbuat xidməti bildirib ki, “Martın 25-də Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağ Müdafiə Ordusunun mövqelərini atıcı silahlardan deyil, həm də PUA-lardan da istifadə etməklə atəşə tutub. Nəticədə qarşı tərəfin azı beş hərbçisi həlak olub, bir erməni əsgəri isə yaralanıb.”

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, "Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə Azərbaycan hərbi qulluqçularının həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.”

"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir," nazirlik qeyd edib.

Qarabağ ərazisində baş verən son gərginliyi şərh edən Rusiyanın Müdafiə Nazirliyi Azərbaycanı 2020-ci il 9 noyabr atəşkəs razılaşmasını pozmaqda ittiham edib, Azərbaycanın bölmələrinin Fərrux ərazisindən çıxarıldığını bildirib. Azərbaycanın Müdafiə Nazirliyi isə bu məlumatı təkzib edib, Azərbaycan Ordusunun Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş vermədiyini açıqlayıb.

Bu arada ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Maykl Karpenter baş nazir Paşinyan və prezident Əliyev arasında aprelin 6-da Brüsseldə danışıqların baş tutacağı ilə bağlı məlumatı alqışlayıb.

“Biz Dağlıq Qarabağdakı humanitar vəziyyətə daha çox diqqət yetirməyə çağırırıq və bütün həll edilməmiş məsələlərin diplomatik yolla həllinə dəstəyimizi təkrar edirik,” o Twitter bloqunda qeyd edib.

Cümə axşamı Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Kremlin mətbuat xidməti məlumatına görə telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üzrə praktiki vəzifələrin həllinə diqqət yetirilib.

"9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl yerinə yetirilməsinin vacibliyi təsdiqlənib. Gələcək təmaslar barədə razılığa gəlinib," Rusiya prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

XS
SM
MD
LG