BMT-nin İnsan Haqları ofisinin bildirdiyinə görə, Yəməndə xüsusilə Səudiyyə Ərəbistanının başçılığı ilə Huti üsyançılarına qarşı həyata keçirdiyi hava hücumlarına görə mülki əhali arasında ölənlərin sayı getdikcə artır.
Bazar ertəsi toy mərasimi zamanı baş vermiş hava hücumu nəticəsində 131-dən çox insan həyatını itirib. BMT rəsmisinin sözlərinə görə, bu, ölkədə vətəndaş müharibəsinin başlamasından sonra ən çox insan ölümülə nəticələnmiş tək hücumdur.
Mart ayından üsyançıların mövqelərini hədəf alan Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya Vahiya kəndində hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Briqada generalı Əhməd Əl-Asseri bu iddiaların "tam əsassız" olduğunu bildirib.
Keçən il sentyabr ayında Huti döyüşçülərinin paytaxt Sənanın nəzarətini ələ keçirməsi və daha sonra cənubda Ədən limanı istiqamətində prezident Əbd Rabbu Mənsur Hadinin Səudiyyə Ərəbistanına qaçması ilə nəticələnmiş əməliyyatları mülk əhalinin çıxılmaz vəziyyətdə qalmasına səbəb olub.
BMT-nin məlumatlarına əsasən, Yəməndə 1,8 milyon insan evlərini tərk etmək məcburiyyəti qarşısnda qalıb, çoxlarının ərzaq və humanitar yardıma ehtiyacı var.