BMT və yerli media bildirir ki, Yəməndə toy mərasiminin hava hücumuna məruz qalması nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya mart ayından bəri Huti üsyançılarını hədəf alan hava hücumları həyata keçirsə də, koalisiya dünən Vahiya kəndində baş vermiş faciəyə görə məsuliyyəti öz üzərinə götürməyib.
Təxminən bir il əvvəl Huti döyüşçülərinin paytaxt Səna şəhərini ələ keçirməsi ilə başlayan müharibə daha sonra cənuba Ədən limanına doğru genişlənib və prezident Əbdu Rabu Mansur Hadinin ölkədən qaçması ilə nəticələnmişdi. Münaqişə bir çox mülki vətəndaşın ölümünə səbəb olub.
Koalisiya hava hücumları və hökumət yönümlü qüvvələrin Hutiləri Ədəndən çıxarmasından sonra prezident bu ay ölkəyə geri qayıdıb.
BMT İnsan Haqları İdarəsi bildirib ki, keçən həftəyədək əldə olunan rəqəmlərə görə son 6 ayda münaqişə zamanı 2355 mülki vətəndaş həlak olub. İnsan haqları təşkilatları ölümlərə görə hər iki tərəfin ittiham edir.
Dünən baş vermiş hücumu tənqid edən Ban Ki Muun deyib ki, bu, bir daha Yəməndə münaqişənin müharibə yolu ilə həlli olmadığını göstərir.