Fəallar deyirlər ki, Suriya ordusundan qopan əsgərlər hökumət qüvvələrinə hücum ediblər.
Suriya İnsan Haqları Müşahidəçiləri qrupu şənbə günü döyüşün detallarını açıqlayıb. Həmin məlumatda deyilir ki, ölkənin şərqində baş verən hücum nəticəsində hökumət qüvvələrinin 10 əsgəri öldürülüb. Hücumçulardan bir neçəsi yaralanıb.
Bu arada Ərəb Liqası bir araya gələrək rəsmi Dəməşqə qarşı əlavə ölçülər götürməyə hazırlaşır.
Suriya hökuməti Ərəb Liqasının cümə gününədək verdiyi möhlətə riayət etməyib. Həmin tələbə əsasən Dəməşq ölkədə situasiyanı izləmək üçün beynəlxalq müşahidəçiləri əraziyə buraxmalı idi. Liqanın baş katibi Nabi əl-Arabi deyir ki, qurum Suriya hökumətindən missiya ilə bağlı suallardan başqa heç bir cavab almayıb.
Prezident Bəşar əl-Əsədə verilən möhlət bitdikcə suriyalılar küçələrə axışaraq Əsədin istefasını tələb ediblər. İnsan haqları fəalları ölkə boyu təhlükəsizlik qüvvələrinin 8 adamı öldürdüklərini xəbər verirlər.