Accessibility links

Ərəb Liqası Suriyaya əlavə sanksiyalar tətbiq edə bilər


Ərəb Liqası Suriyaya əlavə sanksiyalar tətbiq edə bilər
Ərəb Liqası Suriyaya əlavə sanksiyalar tətbiq edə bilər

Ərəb Liqasının planını qəbul etmək üçün Suriyaya verilən vaxt bu gün günorta saatlarında sona çatıb. Bu plan beynəlxalq müşahidəçilərin ölkəyə daxil olmağına şərait yaratmalı idi. Əks təqdirdə ölkənin əlavə cəzalara məhkum olunacağı bildirilirdi.

Bu günədək Dəməşq planı qəbul etməsinə dair heç bir şərh verməyib. Suriya Ərəb Liqası ilə əməkdaşlıq etməsə daha ciddi sanksiyalarla üzləşə bilər.

Liqa hökumətin dissidentlərə qarşı zorakılıqları və prezident Bəşar Əl-Əsədin qurumun ölkədə zorakılıqlara son qoymağı nəzərdə tutan planına əməl etməməsi səbəbilə iki həftə əvvəl Suriyanın üzvlüyünü ləğv etmişdi.

Ərəb Liqasının nümayəndələri Dəməşqə əlavə cəzaları müzakirə etmək üçün sabah bir araya gələ bilər.

Ancaq Rusiya xəbərdarlıq edib ki, belə sanksiyaların əks-effekti ola bilər. Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç jurnalistlərə bildirib ki, Suriyanın daxili siyasi danışıqlar aparması lazımdır.

BMT bildirir ki, Suriyada mart ayından başlayan kütləvi etiraz aksiyaları nəticəsində 3500 adam həlak olub.

Bu gün BMT İşgəncələrlə Mübarizə Komitəsi Suriyada təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan uşaqlara qarşı işgəncələr də daxil olmaqla nümayişçilərlə pis rəftar barədə çoxsaylı məlumatlar aldığı bildirib.

XS
SM
MD
LG