Ərəb Liqası ölkələrinin xarici işlər nazirləri müşahidəçilərin ölkəyə daxil olmasına icazə verilməsinə dair razılığı imzalamaq üçün Suriya hökumətinə cümə gününə qədər vaxt verib.
Liqanın rəsmiləri bildirib ki, Dəməşq onların tələbini yerinə yetirməsə təşkilatın üzvləri sanksiyaların tətbiq edilməsini müzakirə etmək üçün şənbə günü iclas keçirəcək. Liqaya daxil olan ölkələrin xarici işlər nazirləri Suriyada hökumət əleyhinə nümayişlərin qəddarcasına dağıdılması davam etsə növbəti ölçüləri nəzərdən keçirir. Bu tədbirlər çərçivəsində iqtisadi sanksiyaların tətbiq edilməsi və rəsmilərinin səfərlərinə qadağa qoyulması kimi ölçülərin nəzərdən keçiriləcəyini bildirirlər.
Qahirədə keçirilən görüş zamanı Fransanın Xarici İşlər naziri Alan Juppenin Suriyada humanitar dəhlizin yaradılması və vətəndaşların təhlükəsizliyini monitorinq etmək üçün beynəlxalq müşahidəçilərin göndərilməsinə dair təklifləri də müzakirə olunub. Alan Juppe Ərəb Liqasının təklifə dəstək verməsini və təklifin Birləşmiş Ştatlar və BMT-də digər beynəlxalq tərəfdaşlarla müzakirə edilməsini istədyini deyib.
Ərəb Liqası iki həftə bundan əvvəl prezident Bəşar Əl-Əsədin zorakılığa son qoymaq və təhlükəsizlik qüvvələrini əsas şəhərlərdən çıxarmaq haqda vədi yerinə yetirməməsinə görə Suriyanın təşkilatda üzvlüyünü dayandırmışdı.
BMT Suriyada səkkiz ay bundan əvvəl üsyan başlayandan 3 min 500 insanın öldürüldüyünü bildirir. Suriya hökuməti zorakılıqlarda xarici ölkələrdən dəstək alan terrorçular və dini ekstremistləri günahlandırır.