Accessibility links

Şahdəniz layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi imzalanıb


Trans Adriatik Boru Kəməri layihəsi (TAP)
Trans Adriatik Boru Kəməri layihəsi (TAP)

Mərasimdə çoxsaylı hökumət rəsmiləri iştirak edir

Bakıda “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimi keçirilib.

Sənədi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıb.

Mərasim çərçivəsində “Cənubi qaz dəhlizi” barədə memorandum da imzalanıb.
Memorandumu Albaniya, Xorvatiya və Çernoqoriyanın iqtisadiyyat nazirləri, Azərbaycan tərəfindən isə energetika naziri Natiq Əliyev imzalayıb.

Mərasimdə Monteneqro prezidenti, Albaniya, Bolqarıstan, Gürcüstan və Xorvatiyanın baş nazirləri, Böyük Britaniyanın xarici işlər naziri, Italiyanın xarici işlər nazirinin müavini, Avropa Birliyinin enerji üzrə komissarı və bir çox hökumətlərdən nümayəndə heyətləri iştirak edir.

APA agentliyinin məlumatına görə, mərasimdə prezident İlham Əliyev çıxış edib.

O deyib ki, Şahdəniz-2” layihəsi bölgənin enerji xəritəsini dəyişdirəcək.

Layihə çərçivəsində gerçəkləşdiriləcək layihələr Azərbaycan qazının tələbat olan bazarlara çıxarılmasına imkan yaradacaq.

Dövlət başçısı “Şahdəniz-2”, TAP və TANAP-ın dünyanın ən iri enerji layihələrindən olduğunu vurğulayıb və qeyd edib ki, bu layihələr çərçivəsində 35 milyard dollar yatırım qoyulması və 30 min yeni iş yerinin açılması gözlənilir. Azərbaycan xalqını bu tarixi günlə əlaqədar təbrik edən prezidentin sözlərinə görə, enerji siyasəti Azərbaycan iqtisadiyyatının transformasiyası və diversifikasiyasına imkan yaradacaq.

İ. Əliyev iqtisadiyyatın qeyri-neft sektorunun da inkişaf etdirdiklərini söyləyib: “Biz “neft lənəti” deyilən haldan qaça bilmişik”.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, Azərbaycan enerji ehtiyatlarının hasilatı və nəqlində çox önəmli ölkəyə çevrilib. O qeyd edib ki, bugünkü addım enerji sahəsində çoxtərəfli əməkdaşlığın yalnız başlanğıcıdır.

Avropa Birliyinin enerji üzrə komissarı Günter Ottinger bildirib ki, bu gün “Şahdəniz” layihəsi üzrə qəbul olunan qərar tarixi əhəmiyyətlidir.
G. Ottinger qeyd edib ki, layihənin həyata keçirilməsi Avropa Birliyi ilə bölgənin əlaqələrini möhkəmləndirəcək və enerji ehtiyatlarının Avropaya nəqlini müxtəlifləşdirməyə imkan yaradacaq.

Mərasimdə həmçinin Albaniya, Bolqarıstanvə Xorvatiyanın baş nazirləri də çıxış edib.

Azərbaycan “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qərarını iyunun 28-də rəsmən açıqlayıb.

Uzunluğu 870 kilometr olacaq Trans-Adriatik Kəməri (TAP) kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 milyard ABŞ dolları təşkil edir.

"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları aşağıdakılardır: "bp" (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

"Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılır.

"Şahdəniz"in işlənməsinin ikinci mərhələsinin dəyəri 25 milyard dollar qiymətləndirilir.

Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək.
XS
SM
MD
LG