Accessibility links

Amerika səfiri Bakı-Amerika təyyarə uçuşları, söz azadlığı və Qarabağdan danışıb


Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar
Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Riçard Morninqstar Azadlıq, Yeni Müsavat, Xəzərdə təhlükəsizliklə bağlı suallara da cavab verib

Mən spesifik olaraq bu iki qəzetlə bağlı (“Azadlıq” və “Yeni Müsavat”) bir şey deyə bilməyəcəm. Amma, ölkədə söz və mətbuat azadlığı, müstəqil mətbuatın olması və bütün səviyyələrdən olan vətəndaşların internetə azad çıxışının əhəmiyyətli olmasını qeyd etmək istərdim. Bu barədə Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar Amerikanın Səsinin Azərbaycanın iki müstəqil qəzeti “Azadlıq” və “Yeni Müsavat” qəzetinin bağlanmaq təhlükəsi ilə üzləşməsi barədə sualının cavabında bildirib.

“Mətbuatın Azərbaycan cəmiyyətinin bütün təbəqələrini təmsil etməsi (bura hökumət və vətəndaş cəmiyyəti sahələri də daxildir) çox vacibdir”, o qeyd edib.

R.Morninqstar Azərbaycandan Amerikaya birbaşa təyyarə reyslərinin açılması barədə sualın cavabında deyib ki, bu sahədə danışıqlar davam etdirilir.

“Mən Bakı-Vaşinqton birbaşa uçuşlarının nə vaxt olacağını dəqiq deyə bilmərəm. Amma təhlükəsizlik sahəsində zəruri lisenziyaların və sertifikatların verilməsi istiqamətində hazırda danışıqlar və işlər gedir. Biz “Açıq Səma” Sazişi üzərində yekunlaşdırma işləri aparırıq ki, bu saziş öz növbəsində yaxın gələcəkdə birbaşa uçuşların həyata keçirilməsini təmin edəcək”, səfir bildirib.

O, Azərbaycan təyyarələrinin rahat və təhlükəsiz olduğunun şəxsən şahididir.

“Mən özüm şəxsən dəfələrlə Azərbaycan Hava Yollarının təyyarələri ilə uçmuşam, özümü çox rahat və təhlükəsiz hiss etmişəm. Hesab edirəm ki, Azərbaycan Hava Yolları bu sahədə çox yaxşı işləyir”, Morninqstar qeyd edib.

Səfir Amerikanın Səsinin Xəzərdə təhlükəsizlik layihələri ilə bağlı sualının cavabında bildirib ki, dəniz təhlükəsizliyi sahəsində konkret işlər görülür, fəaliyyətlər həyata keçirilir.

Azərbaycan və Ermənistan prezidentlərinin yaxınlarda gözlənilən görüşünə toxunan Amerika səfiri bu görüşün Vilnüsda (Vilnüsda noyabrın 27-28-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı dövlət başçılarının toplantısı olacaq - red) olmayacağını deyib. “Biz ümumilikdə ümidvarıq ki, prezidentlər arasında görüş baş tutacaq”.

O, görüşün gələn həftə olacağı ilə bağlı sualın cavabında bildirib ki, “mən spesifik heç nə deyə bilmərəm. Bu, hər iki ölkənin hökumətlərindən asılıdır”.
XS
SM
MD
LG