Accessibility links

Azərbaycanda Respublika Günüdür


Azərbaycanda Respublika Günü qeyd edilir
Azərbaycanda Respublika Günü qeyd edilir

Azərbaycanda 96 il öncə müsəlman şərqində ilk respublika qurulub. Respublika Günü ümumxalq bayramıdır


Azərbaycanda Respublika Günü qeyd edilir. Respublika Günü rəsmi bayramlar sırasına daxildir.
Azərbaycan prezidenti ölkənin müstəqilliyini qazanmasının 96-cı ildönümü ilə bağlı rəsmi qəbul keçirib. Müxalifət qüvvələri isə Respublikanın ilk rəhbərlərindən Məmməd Əmin Rəsulzadənin anadan olduğu Bakının Novxanı kəndindəki abidəsi önündə təntənəli mitinq keçirir. Bu gün həm də bütün ölkə boyu və Azərbaycanlıların yaşadığı xarici ölkələrdə xalq tərəfindən təntənə ilə qeyd edilir.

28 may - Respublika Günü 1918-ci ildə müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi gündür. 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

1917-ci ildə Rusiyada çar imperiyası devrildikdən sonra bu imperiyanın müstəmləkəsi altında yüz illərlə inləyən xalqlar öz azadlıq mübarizəsini genişləndirdi. Azərbaycan xalqı da azadlığına qovuşdu.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası (keçid qurumu) "İstiqlaliyyət Bəyannaməsi" ilə tarixi Azərbaycanın şimal torpaqlarında (hazırkı Azərbaycan Respublikasının ərazisi) Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi.

“Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir”, sənəddə qeyd edilir.

Məmməd Əmin Rəsulzadənin tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı (baş nazir) Fətəli Xan Xoyski olub.

Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə və Azərbaycan Ordusu Bakı şəhərini azad edib. Bundan sonra Azərbaycan milli hökuməti Gəncədən Bakıya köçüb.

1918-ci il noyabrın 9-da Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə 23 ay fəaliyyət göstərib. 1920-ci il aprelin 28-də Rusiya yenidən Azərbaycanı işğal edib.

Yalnız 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini yenidən bərpa edib.
XS
SM
MD
LG