Accessibility links

Azərbaycanda Respublika günüdür (VİDEOLAR/FOTOLAR)


Azərbaycan xalqı Respublika gününü qeyd edir

Azərbaycanda Respublika günü qeyd edilir. Respublika günü rəsmi dövlət bayramıdır, ölkədə iş günü deyil.

Dünən prezident İlham Əliyev Respublika günü münasibəti ilə rəsmi qəbul təşkil edib. Dövlət başçısı mayın 28-də isə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Respublika gününü müxalifət qüvvələri daha geniş qeyd edib. Belə ki, İctimai Palataya daxil olan müxalifət qüvvələri, eyni ilə də Qarabağ blokuna daxil olan Demokrat partiyası, Vətəndaş Həmrəyliyi partiyalarının fəalları, ziyalılar, ictimai xadimlər, çoxsaylı gənclər təşkilatları Məmməd Əmin Rəsulzadənin anadan olduğu Novxanı kəndindəki abidəsi önündə bayram mitinqi keçirib. Müxalifət fəalları Azərbaycan bayraqları qaldıraraq, “Azadlıq!”, “İstefa!” şüarları ilk öncə yürüş keçirib.
Mitinqdə çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib ki, Azərbaycan xalqı iki dəfə - 1918-ci və 1991-ci illərdə azadlıq əldə edib. “Biz üçüncü dəfə də buna nail olacağıq və demokratik seçkilər vasitəsilə hakimiyyəti xalqa qaytaracağıq”.

Demokrat Partiyasının lideri Sərdar Cəlaloğlu bildirib ki, hakim rejim “Eurovision” müsabiqəsini yüksək səviyyədə təşkil edir, amma Respublika Gününü ümumxalq səviyyəsində qeyd etmir. “Hakimiyyət bunu qəsdən edir, çünki Azərbaycan Demokratik Respublikası (1918-1920), demokratiya və azadlıq ideyaları ona yaddır”.
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn hakim rejimin istefasının qaçılmaz olduğunu deyib. Onun fikrincə, bu, ən gec bir il ərzində dinc yolla baş verəcək.
AXCP sədri Əli Kərimli Xalq Cəbhəsinin mərhum lideri Əbülfəz Elçibəydən sitat gətirib: “Azərbaycanın müstəqilliyini biz gətirdik, Azərbaycana xalqına azadlığı da biz gətirəcəyik”.
Cənab Kərimlinin fikrincə, Azərbaycanda hakimiyyət qanunsuzdur. “20 ildir biz işğal olunmuş ərazilərimizi azad edə bilmirik və 40 ildir Əliyev rejimindən xilas ola bilmirik. Buna görə, qarşımızda iki vəzifə durur: torpaqlarımızı azad etmək, seçkilər yolu ilə sülalə rejiminin dəyişməsinə nail olmaq”.
Mitinqin keçirildiyi ərazidə polis qüvvələrinin cəmlənməsinə baxmayaraq, aksiya müdaxiləsiz keçirilib.

XS
SM
MD
LG