"Hüquqi müstəvidə araşdırılan cinayət işlərinin siyasiləşdirilməsi yolverilməzdir".
Report.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov bildirib.
Z.Qaralov deyib ki, jurnalist Rasim Əliyevin qətli ilə bağlı açılan cinayət işi üzrə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq əməliyyat qrupu yaradılıb və cinayət işi hərtərəfli araşdırılıb.
"Bu cinayətdə iştirak edən şəxslər müəyyən edilərək onların barəsində tədbir görülüb. Yaxın zamanlarda iş məhkəməyə göndəriləcək. Bu məsələnin siyasiləşdirilməsi yolverilməzdir. Dünyanın hər bir ölkəsində jurnalist qətlləri baş verir. Biz bundan təəssüf hissi keçiririk. Bu, bizim cəmiyyətə xas olan hal deyil", baş prokuror qeyd edib.
Xatırladaq ki, 2015-ci il avqustun 8-də jurnalist Rasim Əliyev Bakının Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Jurnalistin ölümündə şübhəli bilinən 6 nəfər, o cümlədən futbolçu Cavid Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.
Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə bildirib ki, jurnalistin qətli ilə bağlı məsələnin tezliklə məhkəməyə göndəriləcəyi inandırıcı deyil.
Vəkil bu günlərdə müstəntiqlə görüşdüyünü deyib. O bildirib ki, görüşün məqsədi avqustun 8-də R.Əliyevi döyən şəxslərin mobil telefon və pulqabını götürməsilə bağlı vəsatətlərinə cavab almaq istəməsi olub. Vəkil artıq bu epizod üzrə oğurluq maddəsilə cinayət işi başlandığını nəzərə çatdırıb.
Onun sözlərinə görə, qətlin səbəblərilə bağlı hələ ekspertizanın nəticələri ortada yoxdur. Bundan əlavə, Ə.Mustafayev bir sıra prosedurların başa çatmadığını da qeyd edib.
“Ona görə də, kimin nə deməsindən asılı olmayaraq, ən yaxşı halda bu məsələ ay yarımdan tez məhkəmə baxışına çıxarıla bilməyəcək”, Mustafayev bildirib.