İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvləri xarici işlər naziri Əli Əkbər Salehinin iştirakı ilə İran-Azərbaycan Respublikası münasibətləri barədə iclas keçirib.
“Media forum” saytının məlumatına görə, dekabrın 21-də İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdinin başçılığı ilə keçirilən iclasda İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Əhməd Kazıminin Azərbaycan Respublikasına buraxılmaması müzakirə edilib. İclasa qatılan deputatlar İrana qarşı mövqeyinə görə hökumətin cavab olaraq Azərbaycan Respublikasına qarşı ciddi addım atılmasını tələb edib.
İran parlamentinin Urmiyadan seçilmiş deputatı Nadir Qazipur jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Respublikası İrana qarşı siyasətində düzəliş etməsə, iranlı deputatlar parlamentdə Türkmənçay müqaviləsini gündəmə çıxaracaq, ona yenidə baxılmasını tələb edəcək: “Əgər Azərbaycan rəsmiləri münafiqlər”ə (İran hakimiyyətinin ən güclü və təşkilatlandırılmış müxalif qrupu olan İran Xalq Mücahidləri Təşkilatı - red.) və əks-inqilabçılara sığınacaq versə, Ərdəbil, Təbriz və Urmiyadan seçilmiş azərbaycanlı deputatlar hazırladıqları birgə layihəni İran parlamentinə təqdim edəcək, Türkmənçay müqaviləsinə yenidən baxılmasını tələb edəcək.
Azərbaycan Respublikası bir neçə ildir ki, müstəqil olub. Lakin əgər qanunlara yenidən baxılsa, Azərbaycan Respublikasının ərazisi İrana aiddir. Əgər Azərbaycan rəsmiləri sionistlərin oyunu ilə oynayıb İrana qarşı fitnə törətsələr, o zaman İran parlamentindəki azərbaycanlı deputatlar da İran xalqının nümayəndələri kimi Türkmənçay müqaviləsinə yenidən baxılması məsələsini qaldıracaq”.
İran parlamentinin Urmiyadan seçilmiş digər deputatı Seyid Salman Zakir isə jurnalistlərə verdiyi açıqlamasında deyib. “Amerika və sionist rejim Azərbaycan hakimiyyətini Qərbin təsiri altına salmaqla onun İranla münasibətlərini zəiflətməyə və iki ölkə arasında dostluq körpüsünü məhv etməyə çalışır. Biz Azərbaycan rəsmilərinə tövsiyə edirik ki, ağıllı siyasət yeritsinlər və özlərinə dost seçərkən diqqətli olsunlar. Çünki dünənə qədər Amerika və İsrailin yanında dayanan Misir, Liviya və Tunis kimi hökumətlər bu gün dağılıb”.