İran azərbaycanlı mərhum professor Məhəmmədəli (Qüdsi) Fərzanənin həyat yoldaşı Əxtər xanım Bedəvistani Tehranda xəstəxanada vəfat edib. Bu barədə Sana News, AZOH (Azərbaycan Öyrənci Hərəkatı) və Güney Azərbaycan Xəbər Mərkəzi xəbər yayıb.
Əxtər xanım dekabrın 8-də (Azər ayının 17-də) 90 yaşında Tehranda vəfat edib. Tehranın Kəsra xəstəxanasında boynundan əməliyyat olunub və xəstəxanada dünyasını dəyişib.
Əxtər xanımım həyat yoldaşı mərhum Məhəmmədəli Fərzanə təbrizli bir siyasi və tədqiqatçı idi. O, İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin və Azərbaycan Cümhuriyyəti Yazarlar Birliyinin üzvü idi. Onun Tədqiqatları və yazıları müxtəlif ölkələrdə çap edilib. Əxtər xanım isə həyat yoldaşının ölümündən sonra bir tərəfdən onun əsərlərinin nəşri ilə məşğul olub, sənədlərini, tədqiqatlarını sahmana salıb digər tərəfdən isə öz ictimai işinə davam edib, illərlə radio proqramları hazırlayıb və Azərbaycan mədəniyyəti və ədəbiyyatını təbliğ edib
Məhəmmədəli Fərzanə dünyasını deyişəndən sonra Əxtər xanım uzun illər həyat yoldaşının tədqiqatlarına bələdcilik edib. Onun əsərlərini toplayaraq nəşr olunması üçün əsaslı fəaliyyət göstərib. Amma, onun ictimai və elmi işləri həyat yoldaşının əsərləri ilə başa çatmayıb, Azərbaycan mədəniyyətinin inkişafı sahəsində də mühüm işlər görüb.
Ömrünün son illərində Avropa və Amerikadan yayılan Azərbaycan dilli radio və televiziyalarda Azərbaycan mədəniyyəti barədə proqramlar hazırlayıb və müsahibələr verib. Bir neçə il İsveçdə Azərbaycan radiosunda mədəniyyət və ədəbiyyata aid proqramlar hazırlayıb.
Əxtər xanım bir neçə dəfə Amerikanın səsi radiosunun Azərbaycan xidmətinə də müsahibə verib.