Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı İranla bağlı “Ölümə alışqanlıq” adlı yeni hesabat yayıb.
APA Agentliyinin məlumatına görə, hesabatda təşkilatın İranda narkotik maddələrin alqı-satqısı, daşınması və istifadəsi ilə bağlı həyata keçirilən edamlardan narahatçılıq bildirib və İran hökumətindən edam hökmünün başqa cəza ilə əvəz edilməsi istənilib.
Hesabatda deyilir ki, edam narkotik maddələrin alqı-satqısı, daşınması və istifadəsinin qarşısını almır və İranda bu cəzanın tətbiqi problemin həlli deyil.
Amnesty İnternationalın hesabatına görə, İranda 2011-ci ildə 488 nəfər narkotik maddələrin alqı-satqısı, daşınması və istifadəsində ittiham olunaraq edam edilib. Bu rəqəm son ildə ümumi edamların 81 faizini təşkil edir. Hesabatda bildirilib ki, edam cəzası cəmiyyətin əzilən və yoxsul təbəqəsinə daha çox zərər verir. Bu təbəqəni də əsasən etnik qruplar, əfqanlar və xarici vətəndaşlar təşkil edir.
Amnesty İnternationalın fikrincə, edam narkotikə qarşı mübarizədə yanlış cəzadır və insan haqlarının pozulmasıdır.
Qeyd edək ki, statistik məlumatlara görə, İranda 2 milyon narkoman var və bu ölkə dünyanın ən böyük tiryək bazarına çevrilib.