Karnegi Beynəlxalq Sülh Fondunda “Cənubi Qafqaz: Müstəqilliyin 20 İli” başlığı altında keçirilən konfransın ikinci günüdə Azərbaycan, Ermənistan və Gürcüstanda insan haqlarının durumu və qanun aliliyi müzakirə olundu. Natiqlər üç ölkədə məhkəmə sistemində, azad mətbuat və siyasi fəallıq sahələrində üzləşilən problemlər haqda danışdılar.
Azərbaycanı bu diskussiyada hüquqşünas Erkin Qədirli və FAR Mərkəzinin sədri Hikmət Hacızadə təmsil edirdilər. Natiqlər Azərbaycanda insan hüquqlarının mütəmadi qaydada pozulduğunu və sistemik dəyişikliyə ehtiyac olduğunu vurğuladılar. Bu xüsusda onlar Freedom House, ABŞ Dövlət Departamenti və Human Rights Watch-un hesabatlarına istinad etdilər.
Erkin Qədirli Azərbaycanda əsas problemin Sovet sistemindən miras qalmış idarə üsulu olduğunu bildirdi. Əlbəttə, müstəqillik əldə etmiş post-Sovet Azərbaycanının özünəməxsus siyasi cizgiləri var. Lakin idarəçilik metodları güclü rəhbər idarəsinə əsaslanır və ölkədə səlahiyyət bölgüsü yaxud qüvvə balansı yoxdur. Parlament və ədliyyə sistemləri icraçi hakimiyyətə bərabər deyil, ona tabe qurumlarıdır, deyə Qədirli vurğuladı. Hüquqşünas Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində demokratik qüvvələrin sistemi dəyişdirmək şansına malik olduqlarını, amma bu şansı qaçırdıqlarını bildirdi. Onun sözlərinə görə Elçibəy hökuməti siyasi sistemi büsbütün dəyişdirmək əvəzinə güclü prezident idarəsini saxlamaqla və keçmiş partokratlarla işləməyə razı olmaqla səhvə yol verdi. Demokratik qüvvələrə Sovet idarəçilik sistemi yad olduğundan onlar nəhəng problemlərlə üzləşdilər. Bunun əksi olaraq sabiq Politbüro üzvü olmuş Heydər Əliyevə mövcud idarəçilik sistemi doğma idi. O, mövcud vasitələrlə ölkəni idarə etməyi və öz hakimiyyətini gücləndirməyi bacara bildi.
Qədirli Azərbaycanda korrupsiyanın siyasi sistemin tərkib hissəsi olduğunu qeyd etdi. Onun sözlərinə görə, Azərbaycanda sistem elə formalaşıb ki, insanlar haqq etdikləri imtiyazlara görə də rüşvət ödəməli olurlar. Nəticədə bütün cəmiyyət kriminallaşır. Bu, isə o deməkdir ki, hökumətin daim istənilən vətəndaşı cəzalandırmaq üçün əlində bir əsas olur. Korrupsiyanın mülkiyyət hüquqlarının toxunulmazlığına ciddi zərbə vurduğunu önə çəkən Qədirli Sovet sistemindən miras qalmış idarəçilik üsullarının cəmiyyətin bütün aspektlərinə, o cümlədən mətbuat azadlığına və seçkilərin dürüstlüyünə sirayət etdiyini söylədi.
FAR Mərkəzinin sədri Hikmət Hacızadə Azərbaycan insan haqları anlayışı mütəşəkkil qüvvə olaraq ilk dəfə Azərbaycan Xalq Cəbhəsinin gətirdiyini bildirdi. 1980-ci illərin sonunda cəmiyyətdə demokratik dəyərlər barədə ictimai müzakirələr başlandı. 1992-ci ildə hakimiyyətə gələn Xalq Cəbhəsi demokratik normaların idarəçilikdə əks olunmasına prioritet kimi baxırdı. Hacızadənin sözlərinə görə, Rusiyanın köməyi ilə baş verən dövlət çevrilişi nəticəsində Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın demokratiyaya istiqamətini dəyişdi. Qısa bir müddətdə Azərbaycanda siyasi məhbusların sayı xeyli artdı. Mətbuata sərt senzura tətbiq olundu. Cəmiyyətdə siyasi azadlıqlar boğuldu.
Hikmət Hacızadə Heydər Əliyev dönəmində Azərbaycanın Avropa Şurasına daxil olmasını və edam hökmünün ləğvini müsbət hadisələr kimi dəyərləndirdi. Eyni zamanda, o, əlavə etdi ki, Heydər Əliyev sabiq DTK generalı olaraq cəmiyyətə bir qədər azadlıq verməkdə özünü sərbəst sayırdı. “Heydər Əliyev İosif Stalin və ya Səddam Hüseyn deyildi. İnsanlar öz mətbəxlərində hökuməti tənqid edə bilərdilər. Amma bu tənqidlərin ictimai müstəviyə çıxarılması qadağan idi. Yaxud, 2-3 minlik tirajlı qəzetlərə icazə verilirdi. Amma kimsə qəzetin tirajını artırmaq istəsəydi, Əliyev hökuməti onu cəzalandırardı,” deyə Hacızadə bildirdi. Onun sözlərinə görə, bunlar Əliyevə ona görə lazım idi ki, xaricdən müşahidəçilər gələndə onlar üçün Azərbaycanda demokratiya görüntüsü yaratsın; məhdud sayda qəzetləri və ya müxalifət partiyalarını xaricə göstərib Azərbaycanda demokratiya olduğunu iddia etsin. Onun oğlu İlham Əliyevdə isə belə bir məharət olmadığından o, plüralizmin istənilən elementinə təhlükə kimi baxır, hətta 2-3 minlik tirajı olan qəzetləri və yerdə qalan müxalifət partiyalarını da təqib edir. Bu baxımdan İlham Əliyev Heydər Əliyevdən fərqli olaraq tənqidi fikrə daha dözümsüzdür. Buna nümunə olaraq Hikmət Hacızadə 2010-cu il parlament seçkilərində həqiqi müxalifətin büsbütün parlamentə buraxılmadığını göstərdi.
Müzakirənin başqa iştirakçıları Ermənistan və Gürcüstanda üzləşilən problemlərdən bəhs etdilər. Mətbuat azadlığı haqda danışan jurnalist Emil Danielyan üç əsas sahəyə diqqət yetirdi. O, elektron mediada – TV və radioda – dalğalara əsasən hökumətin nəzarət etdiyini, bu sahədə Qərbin maliyyələşdirdiyi Azadlıq Radiosunun və Amerikanın Səsinin istisna olduğunu bildirdi. O, Ermənistanda gündəlik qəzetlərin böyük əksəriyyətinin müxalifət yönümlü olduğunu və onlardan bəzilərinin iri tirajla dərc olunduğunu qeyd etdi. Danielyan sabiq və hazırkı hökumət rəsmilərinin tez-tez qəzetləri məhkəməyə verdiklərini və mətbuatın əzici cərimələrlə üzləşdiyini önə çəkdi. Onlayn mediaya gəldikdə, jurnalist bu sahədə durumun xeyli ümidverici olduğunu qeyd etdi. Hüquqşünas David Xaçaturyan 1991-ci ildə Ermənistanda qanunlarda aparılan islahatlardan danışdı. O, 2001-ci ildə A1+ telekanlının bağlanmasından sonra vəziyyətin ağırlaşmağa başladığını bildirdi. Xaçaturyan Ermənistanda idarəçiliyin qanunlardan daha çox şəxsiyyətlərə əsaslandığını bildirdi. Human Rights Watch-un Tbilisidəki nümayəndəsi Giorgi Qogia Gürcüstanda insan haqları ilə bağlı 3 təsisata toxundu: polis, ədliyyə və həbsxanalar. Qogia hüquq-mühafizə sistemində aparılan nəhəng islahatlardan sonra polis zabitlərinin Gürcüstan dövlətinə deyil, daha çox prezident Mixail Saakaşviliyə sədaqət nümayiş etdirməsindən narahatlığını ifadə etdi. O, məhkəmədə bəraət hallarının nadir olduğunu qeyd etdi. Giorgi Qogia Qızılgül İnqilabından bəri cinayətlərin sərt cəzalandırıldığını və bunun nəticəsində həbsxanaların dolduğunu bildirdi.
Tədbirdən sonra keçirilən sual-cavab sessiyasında Cənubi Qafqazda mətbuat orqanlarının internetdən istifadəsi və cəmiyyətlərədə insanların internetə çıxış imkanları müzakirə olundu. İştirakçılar gənclərin Azərbaycan və Ermənistanda nümayiş etdirdikləri fəallığı önə çəkdilər. Hikmət Hacızadə Azərbaycan hökumətinin ənənəvi müxalifəti əzdikdən sonra meydanın boş qalacağını zənn etdiyini, amma gənclərin fəallığının artmasından sonra bu gümanların puça çıxdığını bildirdi. O, həmçinin ekstremizmə qarşı mübarizə pərdəsi altında ölkədə fundamental etiqad azadlıqlarının tapdandığını qeyd etdi. Erkin Qədirli beynəlxalq qurumların Azərbaycanda təkcə fərdi hüquq pozuntularına deyil, sistemik dəyişikliyə rəvac verəcək islahatlar yönümündə rəsmi Bakıya təsir göstərmələrinin vacibliyini vurğuladı.