Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, xoylu fəal İslam Əli Əkbərlu tutulub.
“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Xoy şöbəsinin əməkdaşları İslam Əli Əkbərlunu oktyabrın 26-da şəhərin Qumsal meydanındakı iş yerindən aparıblar.
Hazırda harada saxlandığı və konkret nədə günahlandırıldığı bilinməyən İslam Əli Əkbərlu bu il sentyabrın 27-də azərbaycanlı fəal İbrahim Cəfərzadənin dəfn mərasimində qardaşı Arman Əli Əkbərlu ilə birlikdə tutulmuş, sonra mülk girovu qarşılığında azadlığa buraxılmışdı. Fəalın evində axtarış aparılmış, ona məxsus kompüter və bir sıra şəxsi əşyaları götürülmüşdü.
İbrahim Cəfərzadə həyat yoldaşı Mina Kəhrəbayi və qızı Ayla ilə birlikdə sentyabrın 26-da Təbriz-Xoy yolunda avtomobil qəzasında həlak olub. Onların dəfninə yüzlərlə fəal qatılıb. ETTELAAT dəfnə müdaxilə edərək xeyli fəalı tutub.