Accessibility links

Rəsul Cəfərovun işində “zərərçəkmişlər” bu statusu qəbul etmir


Rəsul Cəfərov (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)
Rəsul Cəfərov (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)

Növbəti iclası martın 5-nə təyin edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə proses davam edib.

Turan agentliyinin məlumatına görə, əvvəlcə zərərçəkmiş kimi qəbul edilmiş Cahangir Əhmədov ifadə verib. O, Cəfərovun QHT-sinin həyata keçirdiyi layihə çərçivəsində mənzilini kirayə verib.

Əhmədov deyib ki, təqsirləndirilən şəxsə qarşı iradı yoxdur, belə ki, müntəzəm olaraq 250 manat kirayə pulu alıb. Lakin, Əhmədov onun adına olan kassa mədaxil orderlərini imzalamadığını bildirib.

Şahid Günay İsmayılova bildirib ki, o, bu mənzili bacısı ilə birlikdə kirayə götürüb, amma kirayə pulunu ödəməkdə çətinlik çəkdiyi üçün Cəfərova mənzildən ofis kimi istifadə etməyi təklif edib.

Saat 10.00-dan 18.00-a qədər otaq layihənin sərəncamında idi, qalan vaxtda mənzildən İsmayılova və bacısı istifadə edirdi. Nəticədə 250 manat kirayə pulunun 155 manatı layihə çərçivəsində ödənilirdi, qalan 95 manatı bacılar ödəyirdi.

Vəkillər Əhmədovun zərərçəkmiş kimi qəbul edilməsinin qanunsuz olduğunu bildiriblər, belə ki, ona heç bir maddi ziyan dəyməyib.

Daha sonra zərərçəkmiş Nicat İmranlı da özünü bu statusa uyğun görməyib. O deyib ki, onun ifadələri protokolda təhrif edilib. İmranlı bildirib ki, öz işinə görə pul alırdı və sənədlərə qol çəkirdi.

Daha sonra şahid Azər Qasımov çıxış edib, o bildirib ki, videoçarx hazırlamaq üçün 1220 manat alıb və imza atıb.

Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədov bildirib ki, Cəfərov öz layihəsini ona görə bu QHT vasitəsilə həyata keçirib ki, Cəfərovun QHT-sinin qeydiyyatı yox idi. Donor layihənin qeydiyyatdan keçirilmiş QHT vasitəsilə həyata keçirilməsini tələb edirdi.

Qrant müqaviləsi Ədliyyə Nazirliyinə təqdim edilib. Bir həftə ərzində Ədliyyə Nazirliyindən etiraz daxil olmadığına görə layihə icra edilib.

Daha sonra Tatyana Kryuçkina çıxış etməli idi. Lakin hakim bildirib ki, məhkəmənin tərcüməçisi yoxdur, buna görə Kryuçkinanı dinləmək olmaz. Kryuçkina özü təmiz Azərbaycan dilində tərcüməçiyə ehtiyacı olmadığını deyib. Bununla belə, hakim öz dediyində israr edərək, onun hansı dildə təhsil aldığını dəqiqləşdirməyə çalışıb.

Son nəticədə hakim Kryuçkinanın çıxışını təxirə salaraq, növbəti iclası martın 5-nə təyin edib.

Qeyd edək ki, prosesdə 5 zərərçəkmişin çıxışı başa çatıb. Onlardan dördü birmənalı şəkildə özlərini zərərçəkmiş hesab etmədiklərini bildiriblər, biri isə maddi ziyan çəkmədiyi haqqında ifadə verib.

Cəfərov 2014-cü il avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib. Sonradan ona qarşı həm də mənimsəmə və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb. O, bütün ittihamları təkzib edir və hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG