Xədicə İsmayılın işi üzrə bugünkü məhkəmə prosesində jurnalist hakim Ramella Allahverdiyevaya etiraz edib və bunu hakimin qərəzliliyi, prosedur normaların pozulması ilə izah edib. Jurnalist bildirib ki, cinayət materillarına dair sənədlərin surəti ona verilmir.
Sonra X.İsmayıl deyib ki, hakim prokurorun suallarını cavablandırmaqdan imtina etdikdə hakim onu 15 il həbs cəzası ilə hədələyib.
Bundan əlavə, hakim onun vəsatətlərini təmin etməyib, şahidləri çağırmayıb. Həqiqəti bilmək üçün həmin şahidlərin ifadələri vacib idi.
X.İsmayılova bildirib ki, vəkili ilə məxfi görüşmək hüququndan məhrum edilib, hakim isə onun bu hüququnu təmin etmir. Bütün bunları nəzərə alaraq X.İsmayıl işin başqa hakimə verilməsini təklif edib.
“Mən qanunların bu cür ələ salınmasını görmək istəmirəm”, - o qeyd edib.
Lakin hakimə etiraz təmin edilməyib.
X.İsmayılova məhkəmə iclaslarının protokollarının ona verilməsi və “Azadlıq” radiosunun nümayəndəsi Aslan İsmayılovun məhkəməyə çağırılması barədə vəsatət qaldırıb. Bu vəsatətlər də təmin edilməyib. Məhkəmə avqustun 18-də davam edəcək.
***
Avqustun 14-da Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəməsi davam edib.
Proses yenə yarıqapalı vəziyyətdə keçirilib. Böyük Britaniya səfirliyinin və Avropa Birliyinin nümayəndələri məhkəmə zalına buraxılmayıblar.
ABŞ, Almaniya və Norveç səfirliklərinin əməkdaşları isə içəridə olub.
Avqsutun 13-də Xədicə İsmayıl vəkilləri ilə istintaq təcridxanasında məsləhətləşəməyə ehtiyacı olduğunu demişdi və buna görə hakim məhkəməni bu gün saat 15-dək təxirə salmışdı.
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib.
O, Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.
Jurnalistə qarşı AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.
X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksəkvəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.