Liviyanın keçid hökumətinin rəhbəri Tripolidə minlərlə adam qarşısında çıxışında sivil və demokratik dövlət qurulmasına çağırıb.
Milli Keçid Şurasının sədri Mustafa Əbdül Cəlil deyib ki, onun administrasiyası İslam qanunlarına əsaslanan sistem təsis etməyə can atır, amma istər radikal sağçı, istərsə də radikal solçu ideologiyaları rədd edir.
Cəlil üsyançıların Müəmmər Qəzzafini Tripolidən vurub çıxarmasından sonra ilk dəfə olaraq paytaxta gəlib. O, bu yaxınlarədək Qəzzafi tərəfdarlarının nümayiş keçirdikləri meydanda izdiham qarşısında nitq söyləyib.
Cəlil liviyalıları Qəzzafi tərəfdarlarına qarşı qisas hücumları həyata keçirməməyə çağırıb. O, xalqa qarşı cinayət törətmiş şəxslərin ədalət məhkəməsində mühakimə olunmasının vacibliyini vurğulayıb.