Təbrizdə etiraz aksiyaları zamanı həbs edilən və əslən Şəbistər şəhərindən olan Fərzad Təqəvi Bayat İnqilab Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun haqqında iki il müddətinə ölkədən çıxışa qadağa hökmü çıxarılıb.
Bu barədə bölgədəki hüquq müdafiəçiləri və HRA xəbər agentliyinin məlumat veriblər. İlkin məhkəmənin bu hökmünü Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi təsdiqləyib.
Azərbaycanlı etirazçı “ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olaraq ictimai asayişi pozmaq” ittihamı ilə təqsirli bilinib.
Fərzad Təqəvi Bayat sentyabrın 27-də Təbriz şəhərində keçirilən etiraz aksiyalarında həbs edilmişdi və təxminən 12 gün sonra 250 milyon tümənlik girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılmışdı.
Onun həbsi zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun təhlükəsizlik qüvvələri tərəfindən şiddətli döyüldüyü bildirilir.