Accessibility links

Məlahət Zeynallı: Müstəqil mətbuat istəyirik [Video-Müsahibə]


Məlahət Zeynallı: Biz müstəqil mətbuat istəyirik
please wait

No media source currently available

0:00 0:06:54 0:00

Məlahət Zeynallı: Biz müstəqil mətbuat istəyirik

Həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həyat yoldaşının Amerikanın Səsinə müsahibəsi

9 illik həbsə məhkum edilmiş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı Amerikanın Səsinə müsahibəsində onun Milli Mətbuat Günü münasibəti ilə təbrikini çatdırıb. Zeynallılar ailəsinin ən böyük arzusu mətbuat azadlığıdır.

“Əvəz Zeynallı özünü jurnalist adına layiq görən bütün həmkarlarını Milli Mətbuat Günü münasibəti ilə təbrik edir. O müstəqil mətbuat uğrunda mübarizəsinin davam etdirilməsini çox istəyir”, Məlahət Zeynallı qeyd edib.

M.Zeynallı deyib ki, Azərbaycan mətbuatında son üç ildə baş verən geriləmələr Əvəz Zeynallını çox incidir. “Bütün çətinliklərə baxmayaraq dəyərli insanlar media azadlığı uğrunda mübarizəni yenə də davam etdirir”.

Məlahət Zeynallı
Məlahət Zeynallı

O Zeynallı ailəsinin ilk gündən həmkarlarının və beynəlxalq ictimaiyyətin dəstəyini hiss etdiyini bildirib. “Ailəmiz ilk gündən bu dəstəyi hiss edib. Əvəz Zeynallı ictimai bəraət qazandıqdan sonra isə ailəmizə mənəvi dəstək dəfələrlə artıb. Yəni bu mənəvi dəstəkdir. Bu dəstək olmasa idi, bizə də çətin olardı. Bir çox beynəlxalq təşkilatların Əvəz Zeynallının dərhal həbsdən azad edilməsini tələb edən çox ciddi bəyanatları var”.

Amerika Dövlət Departamenti, çoxsaylı beynəlxalq təşkilatlar baş redaktorun dərhal həbsdən azad edilməsini tələb edib. Amnesty İnternational təşkilatı Əvəz Zeynallını “vicdan məhbusu” kimi tanıyıb. “Beynəlxalq təşkilatların nümayəndələri, diplomatik missiyalar dövlət başçısı ilə görüşlərində də Əvəz Zeynallının həbsinin əsl səbəblərini çatdırır. Ola bilsin ki, dövlət başçısına səhv məlumatlar versinlər. Amma bunlara baxmayaraq Əvəz Zeynallıya münasibətdə dəyişiklik yoxdur”, o qeyd edib.

Məlahət Zeynallının fikrincə, baş redaktorun həbsi sadəcə müstəqil mətbuatın susdurulmasıdır. “Xural” qəzeti müstəqil fəaliyyət göstərirdi, heç bir quruma və şəxsə bağlı deyil”.

Əvəz Zeynallıdan məhkəməyə şikayət edən millət vəkilinin özü eyni ittihamla həbs edilib. Zeynallıya 9 il, millət vəkilinə 3 il həbs verilib. “Əvəz Zeynallı ilə bağlı Gülər Əhmədovanın şikayəti məhkəmədə təsdiqini tapmadı. Əhmədovaya qarşı ittiham isə videolarda əksini tapıb və böyük məbləğlərdən söhbət gedir. Deputat seçkilərindən söhbət gedirdi. Burada ağır da olsa fakt var idi ki, parlamentə seçkilər xalqın istəyi ilə keçirilmir. Bu bir təsdiq idi. Bunun müqabilində məhkəmənin qərarında “Əvəz Zeynallının Gülər Əhmədovadan rüşvət tələb etmə niyyəti” yazılıb. Bu “arzu, niyyət” də təsdiq olunmayıb. Hüquqda niyyətə və arzuya qiymət də yoxdur. Bunun müqabilində Əvəz Zeynallıya 9 il, ortada fakt ola-ola G.Əhmədovaya 3 il həbs verdilər. Sonra isə azyaşlı uşağı var deyə Gülər Əhmədovanı həbsdən azad etdilər”, Məlahət Zeynallı bildirib.

Halbuki baş redaktor həbs edilərkən onun qızlarının 8 və 10 yaşları var idi.

Əvəz Zeynallının ailəsi ölkədə müstəqil mətbuatın olmasını arzulayır.

XS
SM
MD
LG