Accessibility links

Ali Məhkəmə Xural qəzetinin Mətbuat Şurasına qarşı iddiasını təmin etməyib


Əvəz Zeynallı
Əvəz Zeynallı

Əvəz Zeynallı mənəvi ziyanın qarşılığında Mətbuat Şurasının hakimə 1 manat ödəməsi barədə iddia qaldırıb

Bu gün Ali Məhkəmənin Məhkəmə Kollegiyası hakim İslam Əliyevin sədrliyi ilə “Xural” qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı Apellyasiya Məhkəməsinin qətnaməni qüvvədə saxlayıb.

Prosesdə iddiaçı “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının vəkili Elçin Sadıqov səhhəti ilə bağlı iştirak edə bilməyib.

Məhkəmə heyəti vəkilin iştirakı olmadan prosesin necə davam etdiriləcəyi ilə bağlı tərəddüdlərinə Ə.Zeynallı “Onsuz da Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayacaqsınız. Vəkilin gəlib-gəlməməsinin nə əhəmiyyəti var. Qərarınızı verin, çıxaq gedək ” deyə bildirib.

Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının çıxardığı qətnamədə bildirilir ki, proses zamanı iddiaçı tərəf dəlil-sübut və şahid təqdim etmədiyindən iddia təmin olunmayıb.

Əvəz Zeynallı bildirib ki, prosesdə kifayət qədər dəlil-sübut təqdim olunub və şahidlər dindirilib. “Az qala kor olmaq lazımdır ki, o qədər faktın qarşılığında bu cür qətnamə hazırlayasan”, o qeyd edib.

Hakim İslam Əliyev deyib ki, vəkil iclasda iştirak etmədiyindən iddiaçını dinləyə bilməz.

Hakim İslam Əliyevin “Mən başa düşə bilmirəm, əgər mənəvi ziyana düşmüsünüzsə nə üçün iddia tələbində Mətbuat Şurasından 1 maat təzminat alınaraq hakimə verilməsini istəmisiniz?”, sualına Ə.Zeynallı “söhbət təzminatın məbləğindən yox, azad mətbuatın susdurulmasından gedir”, cavabını verib.

Beş dəqiqəlik müşavirədən sonra Ali Məhkəmənin Məhkəmə Kollegiyası “Xural” qezetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya Apellyasiya Məhkəməsinin çıxardığı qətnaməni qüvvədə saxlayıb.

2014-cü il fevralın 28-də Bakı Apellyasiya Məhkəməsi “Xural” qəzetinin həbsdə olan redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı mülki iddiasını təmin etməyən Nərimanov rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Ə.Zeynallı məhkəmədən Mətbuat Şurasının 2011-ci ilin sentyabrında “Xural”ın “qara siyahıya” daxil edilməsi haqqında qərarının qanunsuz hesab edilməsini istəyib. İddiaçı bunun qəzetin işgüzar nüfuzuna ziyan vurduğunu hesab edib və məhkəmədən Mətbuat Şurası barəsində səlahiyyətlərin aşması haqqında xüsusi qərar çıxarmağı xahiş edib.

Baş redaktor həbsindən 1 ay əvvəl Mətbuat Şurasının qəzetin işgüzar nüfuzuna ziyan vuran qərar qəbul etməsini “siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurası haqqında məhkəmə qarşısında iddia qaldırıb.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də həbs edilib. O, külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Zeynallının 1 il müddətinə peşə fəaliyyəti ilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib.

Baş redaktor ittihamı siyasi sifariş hesab edir və tənqidi məqalələri ilə əlaqəli olduğunu bildirib.

Amnesty İnternational Əvəz Zeynallını “vicdan məhbusu” elan edib. Bununla yanaşı çoxsaylı beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən Amnesty International, Human Rights Watch, Freedom House, Human Rights House Foundation, Senzura İndeksi təşkilatları, ABŞ Dövlət Departamenti hakimiyyətdən jurnalisti həbsdən azad etməyə çağırıb.

XS
SM
MD
LG