NATO-nin Çikaqo Sammitində region üçün əsas maraq kəsb edən NATO-Rusiya, NATO-Əfqanıstan və NATO-Qafqaz münasibətləridir. Bu barədə Turan Agentliyinin siyasət redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.
Sammitin yekun bəyannaməsindən görünür ki, NATO Rusiyaya güzəştə getmək fikrində deyil. “Bu Raket Əleyhinə Müdafiə (RƏM) sisteminin tətbiqi ilə bağlı sənədin təsdiqində özünü bir daha göstərdi. Bəyanatda vurğulanır ki, RƏM Rusiyaya qarşı deyil və narazılıqlara baxmayaraq bu həyata keçiriləcək. Göründüyü kimi, münasibətlərin kəskinləşməsindən NATO ehtiyat etmir”, -deyə o qeyd edib.
Ekspert hesab edir ki, NATO ölkələri Əfqanıstan məsələsində də Fransanın yeni seçilmiş prezidentinin bəyanatlarına baxmayaraq yekdil mövqe nümayiş etdirib.
Nəhayət, yekun bəyannamədə NATO Gürcüstanın alyansa qəbul edilməsini dəstəklədiyi bildirir. Azərbaycan üçün əhəmiyyətli olan əsas məsələ isə sənəddə NATO-nun postsovet ölkələrindəki münaqişələrin dövlətlərin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini dəstəkləməsidir. “Burada Azərbaycanın, Gürcüstanın, Moldovanın və Ermənistanın adı çəkilir. Azərbaycan üçün isə ən əhəmiyyətli məqam budur”, - deyə o bildirib.
Cənab Hacıyev həmçinin NATO-Gürcüstan, NATO-Ukrayna münasibətlərinin gələcək perspektivlərindən danışıb. Onun fikrincə, yaxın zamanlarda Rusiya NATO münasibətləri daha da kəskinləşəcək.
Azərbaycanın NATO-ya üzvlük məsələsinə gəlində, ekspert bunu yaxın perspektivdə real görmür. “İlk öncə Rusiya və İran bunun əleyhinədir. Digər tərəfdən isə Azərbaycanın daxili amilləri qərb standartlarına uyğun gəlmir”, - deyə o qeyd edib.