Accessibility links

Avropa İttifaqı Rusiyadan “Nabucco”ya mane olmamağı xahiş edir


Avropa İttifaqı Rusiyadan “Nabucco”ya mane olmamağı xahiş edir
Avropa İttifaqı Rusiyadan “Nabucco”ya mane olmamağı xahiş edir

Energetika üzrə Avropa komissarı deyib ki, “əgər rusiyalılar “Nabucco”ya mane olmaq, Aşqabada və Bakıya təzyiq göstərmək istəsələr, şəxsən mən uzunmüddətli qaz müqavilələrinə az etibar edəcəm və “qaz Rusiya üçün siyasi alət deyil” tezisinə inamım azalacaq”.

Xəzərdə Qərbin və Rusiyanın iştirakı ilə yeni “qaz problemi” başlaya bilər. Rusiya Xarici İşlər Nazirliyinin Transxəzər qaz kəmərinin tikintisinin əleyhinə olan dünənki bəyanatını belə qiymətləndirmək olar. Energetika üzrə Avropa komissarı Günter Ottingerin timsalında Brüssel dərhal buna reaksiya verib. O, Moskvaya məsləhət görüb ki, “Nabucco” sisteminin tərkib hissəsi olan bu layihənin reallaşmasına mane olmasın. Bu barədə Deutsche Welle yazır.

Cənab Ottinger Avropa İttifaqının dünyada ən çox qaz ehtiyatlarının olduğu Xəzər regionuna və Mərkəzi Asiyaya çıxışını Avropa İttifaqı üçün əsas məsələ adlandırıb. “Əgər Moskva Türkmənistan və Azərbaycanın müstəqil qərarlar qəbul etmək hüququna malik olması ilə barışarsa, avropalılar qaz kimi enerji daşıyıcısına daha çox etibar edəcək. Əgər rusiyalılar “Nabucco”ya mane olmaq, eyni zamanda Aşqabada və Bakıya təzyiq göstərmək istəsələr, şəxsən mən uzunmüddətli qaz müqavilələrinə az etibar edəcəm və “qaz Rusiya üçün siyasi alət deyil” tezisinə inamım azalacaq”.

Cənab Ottingerin bu cür kəskin bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin dünənki bəyanatından sonra səslənib. Belə ki, Moskva Avropa İttifaqı Şurasının Transxəzər qaz kəmərinin layihəsi üzrə Bakı və Aşqabadla danışıqlara başlamaq barədə qərarından təəccüblənib. Danışıqlarda məqsəd iki ölkə arasında Xəzərin dibi ilə qaz kəmərinin tikintisinə dair müqavilənin bağlanmasıdır. Moskva bunu “kənardan Xəzərin işlərinə müdaxilə etmək cəhdi” adlandırıb ki, bu da “regionda vəziyyəti çətinləşdirə, Xəzər dənizinin yeni hüquqi statusuna dair beştərəfli danışıqlara mənfi təsir göstərə bilər”. “Hesab edirik ki, Avropa İttifaqı Şurası Rusiyanın və “Xəzər beşliyi”nin digər iştirakçı dövlətlərinin mövqeyinə lazımi diqqətlə yanaşacaq, uyğun formatda razılaşdırılmamış hərəkətlərdən çəkinəcək”, - məlumatda deylir. Hələlik Bakı Moskvanın bəyanatına münasibət bildirməyib.
Turab Agentliyinin şərhində deyilir ki, qazın Azərbaycandan Avropa ölkələrinə ixracı üçün Transxəzər qaz kəmərinin Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcəyi nəzərdə tutulur. Tengiz (Qazaxıstan) -Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tbilisi (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə hər il 20-30 mlrd. kubmetr qazın nəqli planlaşdırılır. Bundan əvvəl, ABŞ Tranxəzər qaz kəmərini və bu məsələnin Azərbaycanla Türkmənistan arasında həll olunmasını dəstəkləyib. Rəsmi Aşqabad boru kəmərini inşa etməyə hazır olduğunu bildirib. Qazaxıstan da layihədə iştiraka meyllidir. İran isə həmişə olduğu kimi əleyhinədir. Transxəzər ideyası 90-cı illərin ortalarında irəli sürülüb. Türkmənistanın o zamankı prezidenti Saparmurat Niyazov Transxəzər qaz kəmərini inşa etməyə hazır olub. 1997-ci ildə o, Heydər Əliyevə qaz nəqlinə dair kvotanı Türkmənistan 75%, Azərbaycan 25% nisbətində bölməyi təklif edib. Bu, o deməkdir ki, kəmərin ümumi gücü ildə 20 mlrd kubmetr təşkil edəcək. Bunun 5 mlrd. kubmetrini Azərbaycan nəql edə bilər. Lakin Əliyev imtina edib və boru kəməri layihəsi baş tutmayıb. Bundan sonar, Bakı uzun müddət Transxəzərə lobbiçilik edib, lakin nəticəsiz qalıb. Beş il əvvəl Rusiya Türkmənistan qazının öz ərazisi ilə Avropaya nəqlinə dair planlarının icrasını pozduqdan sonra Türkmənistan bu layihəyə yenidən qayıdıb.

XS
SM
MD
LG