Accessibility links

Ərəstun Oruclu: Hədəf Azərbaycana yaxınlaşır [Video-müsahibə]


Ərəstun Oruclu: Hədəf Azərbaycana yaxınlaşır
please wait

No media source currently available

0:00 0:08:21 0:00

Ərəstun Oruclu: Hədəf Azərbaycana yaxınlaşır

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsinə müsahibəsində Amerikanın yeni Yaxın Şərq siyasətinin regional təsirləri, Azərbaycanın təhlükələrə qarşı mübarizəsi və Amerika-Azərbaycan münasibətlərinin mövcud durumundan danışıb.

Amerikanın Səsi: Prezident Obamanın son bəyanatı Amerikanın Yaxın Şərq siyasətinə yeniliklər gətirib. ABŞ-ın Yaxın Şərq siyasətinin Qafqaz regionuna hansı siyasi təsirləri ola bilər?

Yaxın Şərq problemi ABŞ marağının Cənubi Qafqaza yeni bir kontekstdə yönəlməsinə səbəb oldu.

Ərəstun Oruclu: Obama administrasiyasının Yaxın Şərq siyasətində bir boşluq yaranmışdı. ABŞ Yaxın Şərqdə əvvəlki kimi maraqlı görünmürdü. Bu səbəbdən idi ki, onun ənənəvi müttəfiqləri ilə də müəyyən gərginlik yaranmışdı. Bu boşluqdan müəyyən dövlətlər öz maraqları üçün istifadə etməyə başlamışdılar. Bunun da əsas göstəricilərindən biri İŞİD-in (İraq-Şam İslam Dövləti) ortaya çıxması oldu. Qəfildən, qısa müddətdə belə bir terrorçu ordunun ortaya çıxması və bütövlükdə İraq, Suriya kimi dövlətləri nəzarətə götürmək iddiaları, - bu artıq qlobal təhlükəsizlik sisteminə təhdidlər yaratmağa başladı. Amerika administrasiyası məcbur olub Yaxın Şərq bölgəsinə yenidən diqqətini qaytardı. Ona görə ABŞ yenidən bölgəyə qayıtmağa, antiterror koalisiyasını formalaşdırmağa məcbur oldu.

Şübhəsiz ki, Yaxın Şərq bölgəsini təcrid olunmuş şəkildə götürmək düzgün deyil. O baxımdan bu siyasətin birmənalı olaraq Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsinə birbaşa təsiri var və olacaq. Bu artıq özünü göstərməkdədir. Diqqət yetirirsinizsə həmin məsələ qabarıq şəkildə gündəmə gəldikdən bir qədər sonra ABŞ-ın Azərbaycana marağı artdı. Düzdür, bunu bir çox hallarda Ukrayna problemi ilə əlaqələndirirlər. Amma, mənim fikrimcə Yaxın Şərq problemi ABŞ marağının Cənubi Qafqaza yeni bir kontekstdə yönəlməsinə səbəb oldu.

Amerikanın Səsi: İraq-Şam İslam Dövləti qruplaşmalarının bombardman edilməsi, bu silahlı qruplaşmanın regiona yayılmasına səbəb olacaq. Həmin qrupların tərkibində olan azərbaycanlı döyüşçülərin Azərbaycana qayıtması hansı təhlükələr yarada bilər?

Azərbaycanın öz təhlükəsizliyini təmin etməsi üçün kifayət qədər ciddi addımlar atmasına ehtiyac var.

Ərəstun Oruclu: Biz bu barədə ölkədə birinci olaraq danışmağa başlamışıq. Azərbaycanlılar İŞİD tərkibində döyüşməyə başlayanda Şərq-Qərb Araşdırmalar Mərkəzi bununla bağlı xüsusi bir təhlil yazıb və məsələni gündəmə gətirdi.

Bu Azərbaycan üçün böyük təhlükədir. Buradan gedərək terrorçu ordunun tərkibində döyüşmüş insanlar artıq tamamilə yeni keyfiyyətdə görünürlər. Onların silah mənbələrinə, terrorçu şəbəkəyə çıxışları var və döyüş təcrübələri, əlaqələri mövcuddur. Təbii ki, bilgiləri də var. Bu hazırlıqda olan insanların Azərbaycana qayıtması bu gün kifayət qədər realdır. Məsələ orasındadır ki, İŞİD ənənəvi terror təşkilatı deyil və ənənəvi terror təşkilatı prinsipi ilə fəaliyyət göstərmir. O faktiki olaraq açıq döyüş prinsipi ilə iş aparan ordudur. Bu ordunu indi hədəfə alıblar və darmadağın edəcəklər. Bu şübhə doğurmamalıdır. Fikrimcə, bu böyük təhlükə mənbəyi deyil. çünki onların ənənəvi terrorçu təcrübəsi yoxdur, açıq döyüş təcrübəsi var. Amma nəzərə alsaq ki, orada azərbaycanlıların sayı yüzlərlədir və onların önəmli bir hissəsi Azərbaycana qayıda bilər. Bu halda bu təhlükədir. Bu kontekstdə Azərbaycan antiterror koalisiyasından kənarda qalmaqda təhlükənin riskini artırmış olur. Məhz koalisiyaya daxil olaraq həmin azərbaycanlılar barədə informasiya əldə etmək olar, İŞİD-in hazırda bombardmana məruz qaldığı dönəmdə taktikasını öyrənmək olar. Yəni müəyyən məlumat mənbələrinə çıxış əldə etmək olar. Həmçinin terrorla mübarizə təcrübəsini artırmaq olar. Çünki artıq o hədəf bizə yaxınlaşır. Rusiya politoloqları da ölkələrini xəbərdarlıq edirlər. Hesab edirəm ki, Azərbaycanın öz təhlükəsizliyini təmin etməsi üçün kifayət qədər ciddi addımlar atmasına ehtiyac var.

Amerikanın Səsi: İndiki anda Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün hansı xarici və daxili siyasət konturlarından istifadə etməlidir?

Azərbaycan öz prioritetlərini müəyyənləşdirərsə NATO və qərb ölkələri də gələcəkdə terror təhlükəsi yaranacağı halda Azərbaycana dəstək olarlar.

Ərəstun Oruclu: İlk öncə xarici siyasət konturları aydın olmalıdır. Azərbaycan nəhayət öz xarici siyasət və təhlükəsizlik prioritetlərinin seçimini etməlidir. Düzdür, bir sıra hallarda deyillər ki, indiki durumda bu bir qədər daha risklidir. Amma proses uzandıqca risk dərəcəsi də artır. Məsələ burasındadır ki, bu gün Azərbaycanın xarici siyasəti, o cümlədən təhlükəsizlik siyasəti prioritetsiz və qeyri-müəyyən siyasətdir. Faktiki olaraq hər tərəfdən (geopolitik durumu formalaşdıran tərəflərin prizmasından) baxdıqda Azərbaycan təcrid olunmuş, hətta təcridlərə məruz qalan ölkə kimi görünür. Bu isə uğur gətirən model deyil. Bu baxımdan Azərbaycan təhlükəsizliyini təmin etmək üçün daxili siyasətdə yumşalma həyata keçirməlidir, hərçənd ki, mən bunun mümkünlüyünə şübhə ilə yanaşıram. Xarici siyasətdə isə antiterror təcrübəsi olan, terror koalisiyasını yaradan təhlükəsizlik sisteminə qoşulmalıdır, yəni NATO-ya bir qədər yaxınlaşmalıdır. Məsələn, Rusiyanın bu təcrübəsi yoxdur və ya çox azdır. NATO ölkələrinin təcrübəsi isə yetərincə böyükdür. Xüsusilə də indi elə dönəm yaranıb ki, Azərbaycan öz prioritetlərini müəyyənləşdirərsə NATO və qərb ölkələri də gələcəkdə terror təhlükəsi yaranacağı halda Azərbaycana dəstək olarlar.

Amerikanın Səsi: Amerika-Azərbaycan münasibətlərinin hazırkı durumunu necə xarakterizə edərdiniz?

Bu gün Azərbaycan-ABŞ münasibətləri kifayət qədər kritik nöqtədədir.

Ərəstun Oruclu: ABŞ-Azərbaycan münasibətlərində pisləşmə yeni bir mərhələdir. Amma, əslində isə münasibətlərin pisləşməsi çoxdan başlanıb. Azərbaycanda Amerika institutlarının təqib olunması, ABŞ haqqında Azərbaycanda düşmən dövlət obrazı yaradılması, Rusiyanın Azərbaycan hakimiyyətindəki dayaqları tərəfindən Rusiyaya loyal münasibət, hakimiyyətdaxili qüvvələr tərəfindən bu mövzunun geniş istismar olunması öz bəhrəsini verir. Bu gün Azərbaycan-ABŞ münasibətləri kifayət qədər kritik nöqtədədir. Hesab edirəm ki, bu ümumiyyətlə yaxşı tendensiya deyil, Azərbaycan üçün ciddi təhdid yaradan bir amildir. Ən azı Azərbaycan Rusiyaya doğru meyllənərsə (bu artıq görünür) təkcə Azərbaycan-ABŞ münasibətlərinə deyil, Azərbaycan-Avropa münasibətlərinə də ciddi təsir göstərəcək. Bu hətta Rusiyanın Azərbaycana basqısının artmasına səbəb olacaq.

XS
SM
MD
LG