Accessibility links

Bloq: İŞİD-in qadınlara qarşı müharibəsi


Birləşmiş Ştatlar və müttəfiq ölkələr Suriyada və İraqda İslam Dövləti qrupu ilə mübarizə strategiyasını hazırladığı vaxt ekspertlər və insan haqları müdafiəçiləri ekstremist qrupun qadınlara qarşı xüsusilə qəddarlıqlar törətdiyi zorakılıqlara diqqət çəkir.

Vaşinqtonda Vudri Vilson mərkəzində Yaxın Şərq şöbəsinin müdiri, tanınmış ekspert Hale İsfəndiyari Wall Street Journal qəzetində bu günlər yazdığı məqalədə beynəlxalq ictimaiyyəti İslam Dövləti qrupunun qadınlara qarşı törətdiyi vəhşiliklərə diqqət verməyə çağırıb. Hale İsfəndiyarinin yazdığına görə, dünya ictimaiyyəti İslam Dövləti qrupunun regional və qlobal təhlükəsizlik üçün yaratdığı hədələr və riskləri prioritet etdiyi halda, İŞİD döyüşçülərinin qadınları sistematik şəkildə alçaltması kimi mühüm məsələ tamamilə kölgədə qalır. O, Qərb mətbuatında da məsələnin kifayət qədər işıqlandırılmadığını qeyd edir.

Sosial mediada İraq və Suriyada İslam Dövləti qrupunun döyüşçülərinin qadınları qul kimi satdığı, zorladığı, daşqalaq edilərək öldürdüyü və bu kimi başqa zorakılıqlar törətdiyini göstərən foto-şəkillər və video görüntülər yerləşdirilib. Sakinlərin xarici müxbirlər və yerli fəallara dediyinə əsasən, İŞİD döyüşçüləri ələ keçirdikləri ərazilərdə qadınları qul kimi satıb, gənc qızları onlarla evlənməyə məcbur edir. Qrupun başqa dinə və etnik mənsubiyyətə malik qadınlara qarşı daha geniş zorakılıqlar törətdiyi bildirilir.

Vudro Vilson mərkəzinin avqust ayında tərtib etdiyi xüsusi hesabatda İŞİD döyüşçülərinin islam dini və müsəlman qanunlarının olduqca bəsit və məhdud bir formasını qəbul etdiyi üçün qadınlara qarşı xüsusi qəddarlıq nümayiş etdiyini bildirilir. Ekspertlər İraq və Suriya ərazisində xristian və yəzidi qadınların əsas hədəf olduğunu deyir.

New York Times qəzetində İraq ordusu və kürd peşmərgə yarı-hərbi dəstələrinin əməliyyatları haqda məqalədə əsgərlərin İŞİD-in nəzarətində olan kəndlərdə gördüyü səhnələr təsvir edilib. Peşmərgə dəstəsinin əsgəri bu kəndlərdə ağaca bağlanmış çılpaq qadınları gördüklərini deyiblər. İŞİD əsgərləri əldə etdikləri hərbi üstünlüyə görə bu qadınları zorlayaraq özlərini mükafatlandırırmış.

İraqın şimalında kürdlərin nəzarət etdiyi ərazilərdə şəhər və kəndləri ələ keçirən İŞİD yəzidi qadınları qul bazarında satıb, atəşpərəstlik dininə yaxın təlimin davamçıları olan yəzidi qızlara müsəlman dinini qəbul etdirib onlarla evlənməyə məcbur edib. Amerikada yəzidi icmasının nümayəndəsi Daxel Şammo ABŞ Dövlət Departamentində keçən ay rəsmilərlə yəzidi kürdlərin məsələsini müzakirə edən zaman qadınlara qarşı zorakılıqları da xüsusi qeyd edib. “Onlar kişiləri öz sıralarına keçməyə məcbur edib, sonra qadın və qızları qul bazarında satır”-deyə o bildirib.

İŞİD döyüşçüləri tərəfindən qadın və qızların zorlanması və vəhşicəsinə öldürülməsi halları da geniş yer alır. Halə İsfəndiyari məqaləsində zorlanmış qız və qadınların yerli icma tərəfindən rədd edildiyi və çox zaman öz ailə üzləri tərifindən ya öldürüldüyünü yazır. Zorlanandan sonra hamilə qalmış qadınların döyüşçülər tərəfindən rədd edildiyi və cəməiyyətə biabirçılıq kimi qəbul edildiyi üçün bu qadınların bəzən intihar etməkdən başqa yol tapa bilmədiyi haqda məlumatlar verilir.

Ekspertlər münaqişə dövrü qadınların hər zaman olduğu kimi yenə də ən az müdafiə olunmuş qrup olaraq qaldığını göstərir. Şərq cəmiyyətlərində bu qadınların reabilitasiya imkanları da demək olar yox dərəcəsindədir. Halə İsfəndiyari məqaləsində beynəlxalq ictimaiyyət və xüsusilə də gender bərabərliyi və qadınlara bərabər hüquqların verilməsini dəstəkləyən ərəb ölkələrini İslam Dövləti qrupunun qadınlara qarşı törətdiyi zorakılıqları qınamağa və qadınların müdafiəsinə qalxmağa çağırır.

Dilşad Əliyarlının "Qadın dünyası" bloqunu burada izləyə bilərsiniz.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG