Accessibility links

Şahdəniz Mərhələ 2 layihəsinin ilkin işlərinə başlanılır


Qərar prezident İlham Əliyevlə Şahdənizin operatoru BP-nin baş icraçı direktoru Robert Dadlinin görüşündə rəsmən elan edilib.

Şahdəniz konsorsiumu 25 mlrd dollar layihə dəyəri olan Şahdəniz Mərhələ 2 layihəsinin ilkin mühəndis-layihələşdirmə işlərinə (İMLİ) başlaması qərarını təsdiq edib. Qərar bu gün prezident İlham Əliyevlə Şahdənizin operatoru BP-nin baş icraçı direktoru Robert Dadlinin görüşündə rəsmən elan edilib.
Şahdəniz Mərhələ 2 layihəsi “Cənub qaz dəhlizi”ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. Elan edilən qərar konsorsiuma ilk qaz ixracına 2017-ci ilin sonlarında başlamaq məqsədini qüvvədə saxlamağa imkan verir.
Şahdəniz Mərhələ 2 layihəsi ildə 16 milyard kubmetr qaz hasilatını nəzərdə tutur. İlkin mühəndis-layihələşdirmə mərhələsində mühəndis-texniki araşdırmalar təkmilləşdiriləcək, əlavə quyular qazılacaq, kommersiya sazişləri yekunlaşdırılacaq və əsas tikinti müqavilələri başlanacaq. Bu mərhələdə həmçinin Şahdəniz konsorsiumu Türkiyə ərazisində və Avropaya ixrac marşrutlarının seçimini yekunlaşdıracaq.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Rəşid Cavanşir bu qərarı irəliyə atılmış mühüm addım hesab edir. “Ötən iki il ərzində biz bu meqa-layihənin bütün ayrı-ayrı komponentləri üzrə əsaslı irəliləyiş əldə etmişik. Mühəndis-texniki tədqiqatlar, kommersiya müqavilələri və Azərbaycan dövlətinin, həmçinin digər hökumətlərin dəstəyi Şahdəniz konsorsiumunda ilkin mühəndis-layihələşdirmə mərhələsinə daxil olmaq üçün inam yaradır”.
Onun sözlərinə görə, 30 trilyondan artıq kub fut qaz ehtiyatlarına malik olan Şahdəniz yatağı əsl nəhəng bir yataqdır. “26-dan artıq quyu, iki yeni platforma, terminalın genişləndirilməsi və Avropaya 4000 km-dək yeni boru kəmərləri ilə bu iri layihələr kompleksi dünyada ən böyük neft və qaz işlənmələrindən biridir.”
Şahdəniz Mərhələ 2 layihəsinin Mərhələ 1-dən hasil olunan ildə təxminən 9 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz hasilatı əlavə edəcəyi gözlənilir.
Planlaşdırılır ki, Xəzər dənizində sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının Mərhələ 2 işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı böru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) ildə 16 milyard kub metr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. Şahdəniz qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək.
2011-ci ilin oktyabr ayında Türkiyənin boru kəməri şirkəti BOTAŞ-la və Türkiyə hökuməti ilə qaz satışı və tranziti sazişləri imzalanıb. Bundan sonra, Türkiyə ərazisindən potensial qaz nəqli üçün Trans Anadolu Boru (TANAP) kəməri layihəsinə mühəndis-texniki araşdırmalara başlamaq imkanı verən sazişlər imzalanıb. Qazın Avropaya daşınması üçün üç variant nəzərdən keçirilir: İtaliya marşrutu olan Trans Adriatik Boru kəməri (TAP), Türkiyə-Avropa sərhədindən qazı Şərqi Avropadan keçməklə qərbə aparacaq Nabucco-West və qazı Macarıstan, Bolqarıstan və Rumıniyaya nəql edəcək Cənub-Şərqi Avropa Boru kəməri (SEEP). Şahdəniz konsorsiumu marşrutun son seçimini 2013-cü ildə edəcək.

XS
SM
MD
LG