ABŞ prezidenti Barak Obama Ağ Evdə iftar məclisinə ev sahibliyi edib. Nahardan əvvəl söylədiyi nitqdə cənab Obama dünya müsəlmanlarının Ramazan bayramını təbrik etmiş və amerikalı müsəlmanların cəmiyyətə verdikləri töhfələrdən söz açmışdır. O, Amerikada bütün dinlərə, o cümlədən İslama ehtiramla yanaşıldığını vurğulayaraq, ABŞ-ın azadlıqsevər dəyərlərinə istinad edib. “Bizim Konstitusiyanın birinci düzəlişi din azadlığını ölkənin qanunu olaraq təsbit edib. Və o vaxtdan bəri həmin hüquqa riayət olunur,” deyə cənab Obama bildirib. O, Amerikada bütün dinlərin çiçəklənməsinin məhz din azadlığı sayəsində baş verdiyini vurğulayaraq ABŞ-ın unikal mahiyyətinə diqqət çəkib.
Prezident Obama habelə öz çıxışında 2001-ci il sentyabrın 11-i hücumlarının hədəfi olmuş Əkiz Binaların yerləşdiyi bölgə yaxınlığında məscid inşası ilə bağlı yaranmış qalmaqala da reaksiyasını ifadə edib. Cənab Obama bildirib ki, “müsəlmanların Aşağı Manhattanda yerləşən özəl mülkiyyətdə ibadətgah və icma mərkəzi yaratmaq hüquqları var.” O, əlavə edib ki, ABŞ-ın din azadlığına sədaqəti sarsılmazdır.
İlk dəfədir ki, prezident “Ground Zero” adlı məkanda məscid inşası ilə bağlı mövqe sərgiləyir. CNN telekanalının keçirdiyi rəy sorğuları göstərir ki, amerikalıların 70 faizi 3000 insanın həlak olduğu məkanda məscid tikilməsinin əleyhinə çıxır. Əl Qaida üzvlərinin törətdiyi terror aksiyaının hədəfi yaxınlığında məscid tikilməsini Respublikaçı Konqresmen Piter Kinq “qeyri-həssas və qayğıkeşlikdən uzaq” bir addım kimi dəyərləndirib. Başqa siyasi liderlərin dəstəyinə baxmayaraq, bir çox amerikalı hücum obyekti yaxınlığında məscid tikilməsini hörmətsizlik sayır.