Avqustun 20-də İranda Azərbaycanlıların hüquqları uğrunda mübariz Çingiz Bəxtavər zaminə azadlığa buraxılıb.
May ayının 23-dən həbsdə olan Bəxtavər Təbrizdə fəhlə həmkarlar hərəkatının təşkilatçılarından biri olub. O, öncələr də sol təmayüllü görüşlərinə, müxtəlif illərdə 21 Azər hərəkatı və Məşrutə inqilabının ildönümü, Babək qalasına yürüş kimi aksiyalarda fəal iştirakına görə həbs olunub.
Çingiz Bəxtavərin oğlu Babək Amerikanın Səsinə verdiyi müsahibədə söylədi ki, atası həbsdən buraxılarkən ondan məruz qaldığı işgəncələr barədə susması tələb olunub, lakin o, bu şərti qəbul etməyib.
Qeyd edək ki, Çingiz Bəxtavər zaminə 11 min dollar zəmanət haqqı ödəndikdən sonra azadlığa buraxılıb. Oğlunun sözlərinə görə, Bəxtavərin azadlığa buraxılması barədə qərar hələ ay yarım bundan əvvəl verilibmiş, lakin ilk məhkəmə qərarından sonra onu azadlığa buraxmaq əvəzinə Tehranın Evin zindanına göndəriblər. Bir qədər sonra isə onu yenidən Təbriz həbsxanasına keçiriblər.
Babək bəyin sözlərinə görə işgəncələr də elə Təbriz həbsxanasında baş verib. Atasının nizamı pozma və iğtişaş salma, casusluq ittihamı ilə həbsə atıldığını deyən Babək Bəxtavər bütün bunların sübuta yetirilmədiyini qeyd etdi.
Həbsdən çıxdıqdan sonra cənab Çingiz Bəxtavər öz həbsi ilə bağlı üç səhifəlik şikayətnamə yazıb və onu İranın ədliyyə orqanlarına ünvanlayıb. Onlardan cavab alınmayacağı təqdirdə, Çingiz Bəxtavər öz hüquqlarının pozulması ilə bağlı beynəlxalq ictimaiyyətdən cavab almağa çalışacaq.
Babək Bəxtavər atasının başına gətirilənlərlə bağlı məşhur İran hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Şirin Ebadiyə müraciət etdiyini deyir. Lakin Babək Bəxtavərin sözlərinə görə, xanım Ebadinin təşkilatı İrandakı azərbaycanlıların hüquqlarına biganə yanaşır. Elə Çingiz Bəxtavərin pozulmuş hüquqları barədə məktub da cavabsız qalıb.