Accessibility links

İranda azərbaycanlı siyasi məhbus işgəncə altındadır


Iranda həbsdə olan Azərbaycan fəallarına işgəncələr verildiyi barədə xəbərlər gəlməkdə davam edir. İyunun 8-də həbs olunan Əli Xodabəxşiyə “etiraflar” alınması məqsədilə işgəncə verildiyi bildirilir.

Kanadalı insan hüquqları müdafiəçisi Faxtə Zamaninin verdiyi məlumata görə, Elyaz Yekanlı kimi də tanınan Əli Xodabəxşi İran Azərbaycanlılarının sosial siyasi hüquqları uğrunda məşhur mübarizlərdəndir.

Xodabəxşi 1993-cü ildə 18 ay həbsə nəhkum olunub. Azad olduqdan sonra mühacirət edən Xodabəxşi 2005-ci ilin sentyabrında Türkiyədə BMT Qaçqınlar üzrə Ali Komissarlığından sığınacaq alıb. 2006-cı ilin aprel ayında qoca atasını və bacısını ziyarət etmək üçün İrana dönən Xodabəxşi gələn kimi həbs olunub və 10 gün Ettelaatın təcridxanasında işgəncəyə məruz qalıb. Azad edildikdən sonra Xodabəxşi May mitinqlərində iştirak edib. İyunun 8-də Xodabəxşi İranın Şimal qərbində Kəhriz Yekan kəndindəki evindən təkrarən həbs olunub.

Bütün bu müddət ərzində Əli Xodabəxşiyə qarşı hələ rəsmən heç bir ittiham irəli sürülməyib.

Öncə məhbus 30 gün ərzində Ettelaatın Təbrizdəki təcridxanasında saxlanılıb. Bu müddət ərzində ailəsinin onun sağ olub-olmadığı, harada saxlandığından xəbəri olmayıb. Sonra Xodabəxşi Mərənd yaxınlığındakı Qırxlar məhbəsinə keçirilib. Bu günədək vəkillə təmin olunmayıb.

Verilən işgəncələr nəticəsində Xodabəxşinin səhhətinin ağırlaşdığı da bildirilir. Onun döyüldüyü və elektrik şokuna məruz qaldığı bildirlir. Ailəsi ilə Qırxlar həbsxanasında görüş zamanı Xodabəxşinin çox zəif olduğu, və demək olar ki, danışmadığı bildirilir. Elektrik şokundan sonra əlləri əsən Xodabəxşi stəkanı əlində tutmağa çətinlik çəkib. Onun hal-hazırda müvazinətini saxlaya bilmədiyi, ürək, böyrək, mədə bağırsaq sistemində ağrılardan şikayət etdiyi, eşitmə və görmə qabiliyyətinin zəiflədiyi bildirilir.

Bütün bunlarla yanaşı ona həbsxanada həkim yardımının edilib-edilmədiyi barədə heç bir məlumat yoxdur. Verilən məlumatlara görə, Xodabəxşi Qırxlar həbsxanasında narkoman və ağır cinayətkarlarla bir kamerada saxlanılır və orada təzyiqlərə məruz qalır. Həbsxana müdiriyyəti Xodabəxşiyə dəli olanadək orada saxlanılacağını deyib.

Bu arada məhbusun ailəsinin də təzyiqlərə məruz qaldığı bildirilir. Verilən xəbərlərə görə, Ettelaat nümayəndələri Xodabəxşinin evinə zəng vurur, gəlir, qoca atasını və bacısını təhdid edirlər. Məhbusun atası görmə qabiliyyətindən, demək olar ki, məhrumdur, ailə ağır ehtiyac içində yaşayır.

Faxtə Zamaninin sözlərinə görə, Amnesty İnternational – Beynəlxalq Amnistiya insan hüquqları təşkilatı məsələni diqqət mərkəzində saxlayır. Bu günlərdə məsələ ilə bağlı müraciətlərin ediləcəyi gözlənilir.

XS
SM
MD
LG