Fevralın 6-da Bakı Apellyasiya Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Nəsimi Rayon Məhkəməsinin onu Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilərək 1500 manat cərimə etməsi barədə hökmündən verdiyi şikayəti təmin etməyib.
Əli Kərimli bildirib ki, məhkəmə prosesi siyasi olub.
“Bu hökmün hüquqi əsası yoxdur. Siyasi proses olduğuna görə məhkəmənin qərarı qüvvədə saxlanıldı. Apellyasiya Məhkəməsinin diqqətinə çatdırdım ki, burada söhbət mənim qanunsuz olaraq 1500 manat cərimə olunmağımdan getmir. Söhbət ondan gedir ki, Azərbaycan məhkəməsi mənimlə bağlı hökmdən çox ciddi və neqativ bir presedent yaradıb”, Kərimli qeyd edib.
AXCP sədri bildirib ki, məhkəmənin qərarının ləğv olunması üçün hüququ yolların hamısından istifadə edəcək.
“Ali Məhkəməyə müraciət edəcəm. O da şikayətimi təmin etməsə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəm”, o qeyd edib.
Onun sözlərinə görə, bu gün məhkəmədə növbəti cinayət işləri ilə təhdid edilib. Kərimli hesab edir ki, AXCP-yə qarşı təzyiqlər dayadırılmayacaq.
“Amma Azərbaycan hakimiyyəti bilsin ki, biz dürüst və prinsipial müxalifətçiliyimizi davam etdirəcəyik. Azərbaycan xalqının sözünü deməkdə davam edəcəyik”, o qeyd edib.
2024-cü il dekabrın 2-də Bakının Nəsimi Rayon Məhkəməsi hakim Babək Pənahovun sədrliyi ilə Əli Kərimlini Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilərək 1500 manat cərimə edilməsi barədə hökm çıxarıb.
Qarşı tətəfin vəkili məhkəmədən Kərimliyə 6 ay həbs istəyib.
Fərdi ərizəçi Aydın Əliyev Əli Kərimlini Azərbaycan Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb etməyi tələb edib.
İddiaçı Kərimlinin məhkəmənin AXCP-nin qurultayının qərarını ləğv etməsi haqqında şərhini “böhtan” adlandırıb.
Xüsusən, Kərimliyə qarşı onun aşağıdakı fikirləri ilə əlaqədar iddia irəli sürülüb: “Partiyanın siyasi kursundan yayındığına və hakimiyyətlə əməkdaşlığa görə Azərbaycan Xalq Cəbhəsi Partiyasından xaric edilmiş Aydın Əliyev məhkəmənin qərarı ilə zorla Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edilib”.
Kərimli iddianın əsassız olduğunu, “hakimiyyətin sifarişi ilə” məhkəmə tərəfindən qəbul edildiyini bildirib.
Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına (NTK) üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verilməyib.
AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə Əliyev partiya sıralarından kənarlaşdırılıb. Aydın Əliyev bundan öncə də məhkəməyə müraciət edib. Onun ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia 2020-ci ilin iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Forum