Təbrizin İran parlamentindəki millət vəkili Əlirza Novin Təbriz istilik elektrik stansiyasının texniki vəziyyəti və həmin stansiyada təbii qaz əvəzinə mazut yandırılmasından narazılığını ifadə edərək, havanın çirklənməsinin azaldılması və bölgə əhalisinin tələblərinə diqqət yetirilməsi üçün təcili tədbirlər görülməsini tələb edib.
İran mətbuatının verdiyi məlumata görə, Şərqi Azərbaycan millət vəkilləri birliyinin sədri Əlirza Novin Təbriz istilik elektrik stansiyasının köhnəldiyini və fəaliyyət qabiliyyətinin azaldığını bildirib.
O, bu stansiyanın artıq səmərəli olmadığını vurğulayaraq, stansiyanın yenidən qurulması üçün ciddi qərarlar qəbul edilməli olduğunu qeyd edib. Əks halda, enerji naziri haqqında impiçmentin gündəmə gətiriləcəyini bəyan edib.
O, İranın ətraf mühit təşkilatının rəhbəri ilə görüşü zamanı Təbrizdə mazut yandırılması ilə bağlı narazılıqların gündəmə gətirildiyini və mazutun tərkibindəki kükürd faizinin azaldılmasının vacibliyini vurğulandığını bildirib. Novin qeyd edib ki, neft naziri stansiyalara verilən mazutun kükürd tərkibini azaltmaq üçün səylər göstərir.
Təbrizli deputat həmçinin istilik elektrik stansiyası barədə danışarkən, Şərqi Azərbaycanın polad sənayesində fəaliyyət göstərən özəl sektorun bu stansiyada yeni enerji bloklarının inşasına sərmayə yatırmaq niyyətində olduğunu açıqlayıb.
O, əvvəlki hökumət dövründə vilayətin polad zavodlarının Təbriz istilik elektrik stansiyasında 1200 meqavat gücündə elektrik enerjisinin istehsalı üçün investisiya razılaşması imzaladığını bildirib və həmin hazırkı hökumət və enerji naziri tərəfindən tezliklə həll etməli olduğunu vurğulayıb.
Eyni zamanda, Novin özünün rəsmi İnstagram səhifəsində paylaşdığı məlumatlarda Təbrizdə mazut yandırılması və şəhərin hava çirkliliyi ilə bağlı məsələləri İran prezidentinə məktub şəklində ünvanladığını qeyd edib. O, məktubunda Təbrizin mazut yandırılmasından azad edilən şəhərlər siyahısına salınmamasına etiraz edib.
Novin Məsud Pezeşkiana xitabən, onun Təbriz və Azərbaycan xalqına dərin bağlılığını vurğulayıb, keçmişdə ünvanladığı məktubu xatırladaraq, Təbriz və Binab şəhərlərində mazut yandırılması ilə bağlı hökumətin etinasız mövqeyinə dair etirazını yenidən gündəmə gətirib.
O, həmin məktubunda əvvəlki məktubuna istinad edərək, İsfahan, Mərkəzi və Əlburz vilayətlərində mazut yandırılmasının dayandırılması ilə bağlı hökumətin qərarında Təbrizin daxil edilməməsini “açıq-aşkar ayrı-seçkilik” adlandırıb.
Təbrizli parlamentar bildirib ki, Təbriz və Binab şəhərlərinin istilik elektrik stansiyalarında təbii qaz yerinə mazutun istifadəsi ilə bağlı nə aydınlaşdırıcı izahat verilib, nə də hər hansı islah tədbirləri həyata keçirilib.
Keçən ilin noyabr ayında İran hökuməti İsfahan, Ərak və Kərəc şəhərlərində elektrik enerjisi istehsalında təbii qaz əvəzinə mazutdan istifadənin dayandırılması barədə qərar qəbul etmişdi. Lakin bu qərar Təbriz şəhərini əhatə etməmiş və nəticədə şəhər sakinləri uzun müddətdir yüksək kükürd tərkibli çirklənmiş havanı nəfəs almağa məcbur qalıblar.
Dünən Təbrizin hava çirkliliyi indeksi (AQİ) 184-ə çataraq şəhərin havasını bütün qruplar üçün zərərli vəziyyətə gətirib. Təbriz sakinləri hələ də son dərəcə çirkli hava ilə mübarizə aparır. Son günlərdə havanın qısa müddətlik təhlükəli vəziyyətdən çıxmasına baxmayaraq, çirklənmə problemi hələ də davam edir və üstəlik, şəhərdə çirklilik səviyyəsi yeni bir rekord kimi qeydə alınıb.
Forum